Yaponiya hökuməti jurnalist Camal Kaşıkçının qətlə yetirilməsini azad sözə və informasiyaya qarşı cinayət adlandıraraq pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 24-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.
“Baş verən hadisə azad sözə və informasiyaya qarşı birbaşa cinayətdir. Yaponiya hökuməti bu qətli kəskin pisləyir. Ümid edirik ki, həqiqət maraqlı ölkələrin iştirakı ilə tezliklə üzə çıxacaq” , – deyə baş katib vurğulayıb.
Ər-Riyada qarşı tənqidi məqalələri ilə tanınan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunu ziyarət etdikdən sonra yoxa çıxıb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının hökumət orqanları onun konsulluqda baş verən münaqişə zəminində öldüyünü bəyan edib. Hadisə ilə əlaqədar 18 nəfərin həbs edildiyi bildirilir. Beynəlxalq ictimaiyyət bu cinayəti kəskin tənqid edərək, Ər-Riyadı şəffaf istintaq aparmağa çağırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bunu planlaşdırılmış cinayət adlandırıb.
Bir sıra siyasətçilər, şirkət və bank rəhbərləri oktyabrın 23-də Səudiyyə Ərəbistanında açılan investisiya forumunu boykot ediblər. Səudiyyə Ərəbistanından olan tərəfdaşları ilə çoxmilyardlı layihələrə malik olan Yaponiyanın “SoftBank Group” şirkətinin prezidenti Masayoşi Son da forumda çıxışdan imtina edib.