XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 09:06

Trampın qatı tənqidçilərinə bomba “hədiyyəsi” göndərilir –Demokratlardan daha kimlər hədəfdə olub?

ABŞ rəsmiləri keçmiş prezident Barak Obama, keçmiş dövlət katibi və birinci ledi Hillari Klinton və başqa aparıcı demokratlara ünvanlanmış azı 10 əldəqayırma bombanı göndərən şəxsin axtarışını davam etdirirlər.

Rəsmilər bildirirlər ki, axtarışın başlıca diqqəti Florida ştatına yönəlib. Lakin hakimiyyət orqanları bu informasiyanı təsdiq etmir, habelə nə üçün məhz bu ştatın axtarıldığı barədə şərh vermir.

Xəbər verilir ki, oktyabrın 25-də keçmiş vise-prezident Co Bayden və aktyor Robert De Nironun ünvanlarına da partlayıcı qurğular göndərilib. Onlar göndərilmə sırası ilə 7 və 8-ci hədəf olublar. Prezident Obamanın administrasiyasında çalışmış Bayden və kino ulduzu De Niro da Trampın qatı tənqidçiləri kimi tanınırlar. Demək olar ki, içində bomba olan bağlamaların hamısı ünvana çatmadan aşkar olunub və partlamayıb. Müstəntiqlər hazırda bu qurğuların həqiqətən də partlaması və ya sadəcə qorxu və panika yaratması üçün göndərilməsi sualını araşdırırlar.

Bundan bir gün əvvəl ABŞ rəsmiləri bildirmişdilər ki, içində partlayıcı qurğular olan bağlamalar Nyu York, Vaşinqton və Floridadakı ünvanlara göndərilib. Bu hadisə ABŞ-da mövsümarası seçkilərin keçirilməsinə iki həftədən də az qaldığı bir vaxtda baş verir.

Hədəflənən şəxslərin hamısı Demokratik Partiyanın tanınmış üzvləri və əsasən Trampın qatı tənqidçiləridir.

Bundan əvvəl şübhəli bağlamalar keçmiş prezident Obamanın və keçmiş dövlət katibi Hillari Klintonun evlərinə ünvanlanmışdı. Klinton 2016-cı ilin prezident seçkisində Donald Trampın rəqibi idi.

Şübhəli bağlamalar habelə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan, keçmiş baş prokuror Erik Holder və Demokratik Partiyanın Kaliforniyadan olan millət vəkili Maksin Vatersə ünvanlanmışdı.

İlk şübhəli bağlama oktyabrın 22-də milyarder biznesmen Corc Sorosun evinə göndərilmişdi. O Demokratik Partiyanın ən böyük ianə verənlərindəndir.

Tənqidçiləri Trampı özünün ritorikası ilə zorakılığı qızışdırmaqda ittiham edirlər. O isə öz növbəsində cəmiyyətdəki qəzəbə görə medianı günahlandırır.

(Azadlıq radiosu)