XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 16:44

İstanbulda nəhəng hava limanı bu gün açılır –İldə 90 milyon sərnişinin bu aeroportdan istifadə edəcəyi gözlənilir

Bu gün – oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan İstanbulda yeni beynəlxalq aeroportun açılışını edəcək. Hökumət bunun dünyanın ən böyük hava limanına çevriləcəyini iddia edir.

İlkin planda bu gün aeroportun tam işə salınması gözlənirdi, amma tikintidə yubanmalar olub, fəhlələr iş şəraitlərinə etiraz tətili keçirib. Ərdogan idarəçiliyi dövründə bir neçə belə meqa-layihə gerçəkləşdirib. Bu aeroport layihəsinin dəyərinin isə 10,5 milyard avroya (12 milyard dollar) olduğu bildirilir. Bu layihə İstanbulu Avropa, Asiya və Afrikanı birləşdirən qlobal səyahətinə çevirəcək.

Atatürk hava limanı tamamilə buraya köçürüləcək 

Hələlik, aeroportdan beş istiqamətə uçuşlar təklif olunacaq. Dekabrın 29-dan daha geniş formada işə salınacaq, ildə 90 milyon sərnişinin ondan istifadə edəcəyi gözlənir. 2028-ci ildə işlər tamamilə yekunlaşandan sonra isə illik sərnişin dövriyyəsinin 200 milyona çatacağı gözlənir.

Hazırda dünyanın ən məşğul aeroportu Birləşmiş Ştatların Atlanta şəhərindəki Hartsfield-Jackson hava limanıdır, illik sərnişin sayı bundan iki dəfə azdır. Hələlik adsız fəaliyyət göstərən aeroportdan ilk uçuş noyabrın 1-də Ankaraya planlaşdırılır.

Ərdoganın axşam saat 4-də aeroportun lentini kəsəcəyi gözlənir. Tədbirə Qətər lideri Əmir Şeyx Tamim bin Hamad al-Taninin, Sudan Prezidenti Ömər əl-Bəşirin qatılacağı bildirilir.

Bu gün həm də Türkiyə Respublikasının Mustafa Kamal Atatürk tərəfindən əsasının qoyulmasının 95-ci ildönümü qeyd olunur. Ərdogan yeni aeroporta Atatürkün adının verilməsinə tərəfdar olmadığını deyib. Qeyd edək ki, dünyəviçilər onu Atatürk mirasına zərbə vurmaqda suçlayır.

Bəzilərinin təxmininə görə, Ərdogan aeroporta Osmanlı sultanı II Abdulhamidin adını verə bilər.

İstanbul Böyük Aeroportunun baş direktoru Kadri Samsunlu ötən həftə jurnalistlərə deyib ki, ilkin açılışdan sonrakı iki ay ərzində onlar nəyin üzərində daha çox işləməli olduqlarını müəyyənləşdirəcəklər.

Onun sözlərinə görə, Ataturk aeroportunun bütün işləri, təyyarələr və avadanlıq daxil olmaqla, ilin sonundakı birdəfəlik açılışdan sonra 45 saat ərzində yeni aeroporta köçürüləcək.

76 kvadrat kilometrlik ərazi

Rəsmilər aeroporta metro xəttinin çəkiləcəyini deyirlər. Bu aeroport İstanbulun Avropa tərəfində, Qara Dəniz sahilinə yaxın, şəhər mərkəzinin 35 kilometrliyində yerləşir.

“Frans Pres” agentliyinin əməkdaşı ötən həftə aeroport ərazisində qızğın iş getdiyini yazır. 2028-ci ildə işlər tam yekunlaşandan sonra hava limanında altı enmə-qalxma zolağı, iki terminal olacaq, 76 kvadrat kilometr ərazini əhatələyəcək. O, Ataturk aeroportundan üç dəfə böyük olacaq. Türk Hava Yolları məkanın böyüməsi hesabına kommersiya və karqo əməliyyatlarını genişləndirəcək. Şirkətdən bir mənbə anonimlik şərtilə AFP-yə danışıb.

“Gələn il 40 əlavə təyyarə alacağıq. 2023-cü ilədək 450 təyyarəmiz olacaq, ildə 120 milyondan artıq sərnişin daşıyacağıq”, – mənbə vurğulayıb.

Layihədə 35 min nəfər çalışıb. Ötən ay yüzlərlə fəhlə iş şərtlərinin zəifliyinə, işlə bağlı ölüm hallarına etiraz olaraq tətil keçirib. Hakimiyyət isə dərhal hərəkətə keçərək yüzlərlə adamı həbs edib. Onların çoxu ittihamsız buraxılsa da, hazırda 20-dək etirazçı həbsdədir. Rəsmilər 2015-ci ildə tikinti başlayandan ərazidə 30 fəhlənin öldüyünü bildirir. Amma həmkarlar ittifaqları real rəqəmin daha yüksək olduğunu bildirir.

(Azadlıq radiosu)