XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 09:17

İran müxalif liderə qarşı sui-qəsdə cəhd edib? –Danimarka kəşfiyyatından sensasiyalı açıqlama

Danimarka Tehranı onun ərazisində İran ərəb müxalifətinin liderlərindən birinin qətlini hazırlamaqda ittiham edib və bildirib ki, bu məsələni üzvü olduğu Avropa İttifaqında qaldıracaq.

Danimarka kəşfiyyatının başçısı Finn Borç Andersen oktyabrın 30-da jurnalistlərə deyib ki, Norveç pasportu olan İran əsilli bir nəfər oktyabrın 21-də qonşu İsveçdə saxlanıb. Bu şəxs Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının Danimarka nümayəndəliyinin liderinə hücum hazırlanmasına kömək cəhdində ittiham olunur.

Danimarkanın baş naziri Lars Loekke Rasmussen deyib ki, İran və ya hər hansı xarici ölkənin Danimarka torpağında sui-qəsdlər hazırlaması yolverilməzdir. Xarici işlər naziri Anders Samuelsen müxbirlərə deyib ki, o, Danimarkanın Tehrandakı səfirini məsləhətləşmə üçün geri çağırmaq qərarına gəlib.

Şübhəlinin özü və İran rəsmiləri ittihamları rədd edirlər.

İran bundan əvvəl Danimarkanın Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının üzvlərinə bu ölkədə sığınacaq verməsinə etiraz etmişdi. Bu təşkialt əsasən ərəblərin yaşadığı Xuzistan ostanında müstəqil ərəb dövlətinin qurulması uğrunda mübarizə aparır.

İran XİN-in sözçüsü Bəhrəm Qasimi Danimarkanın iddialarını bu böhranlı vaxtda düşmənlərin İranın Avropa ilə münasibətlərini pozmaq cəhdləri adlandırıb.

Hazırda Çin və bir neçə Avropa ölkəsi İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin qorunub saxlanmasına çalışır. Bu saziş özünün nüvə proqramını məhdudlaşdırması müqabilində Tehran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur. ABŞ bu ilin may ayında bu sazişdən çıxdığını və İran üzərinə sanksiyaları bərpa etdiyini bildirib.

İranın neft mədənlərinin 80 faizi, təbii qaz ehtiyatlarınınsa 60 faizi İraqla həmsərhəd olan Xuzistan ostanındadır. Ümumilikdə İran əhalisinin 3 faizini təşkil edən ərəblər uzun müddətdir ki, sosial, siyasi və iqtisadi diskriminasiyadan narazılıq bildirirlər.

İran rəsmiləri bir qayda olaraq ölkə daxilində narazılıqların xarici qüvvələr tərəfindən qızışdırıldığını deyirlər. Tehran əvvəllər bildirib ki, Körfəz ölkələri İranın Xuzistan ostanında etnik gərginliyi qızışdırmağa çalışır.

Ötən ay bu ostanın mərkəzi şəhəri Əhvazda keçirilən hərbi parada uniforma geyinmiş silahlılar tərəfindən hücum nəticəsində 25 nəfər ölüb və onlarca başqalıarı xəsarət alıb.

Bu hücuim üçün məsuliyyəti öz üzərinə iki ayrı-ayrı qrup – Əhvaz Milli Müqaviməti və özünü İslam Dövləti adlandıran ekstremist qrup götürmüşdü. 2017-ci ilin noyabrında Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının yaradıcısı olan mühacir Hollandiyada öldürülüb.

(Azadlıq radiosu)