“Karnegi” fondunun saytında Cud Dempsey Almaniya kansleri Angela Merkelin partiya liderliyindən istefa və 2021-ci ildə kansler postuna namizədliyini verməməklə bağlı qərarının mümkün nəticələrindən yazır.
Merkelin Xristian Demokratları Hesse vilayətində seçkidə dəstəyin 10 faizini itirsələr də vilayətin ən böyük partiyası kimi qala biliblər. Amma Merkel dekabrda Hamburqda keçiriləcək partiya qurultayında sədrliyə namizədliyini verməyəcəyini, bundan başqa, kansler kimi dördüncü müddətin ondan ötrü sonuncu olacağını açıqlayıb.
Müəllif partiya rəhbərliyi uğrunda yarışın artıq başlandığını, qalibin kanslerliyə də namizədliyini verəcəyini qeyd edir. Amma Merkel də bu arada mirasını tamamlamalıdır. Bu miras Avropanın gələcəyi ilə bağlıdır.
2005-ci ilin noyabrında kansler postuna keçəndən Merkel Almaniya və Avropanı bir sıra böhranlardan çıxarıb. 2008-ci ilin qlobal maliyyə böhranından sonra avrozona az qala çökəcəkdi. O zaman Merkel və özəlliklə də keçmiş maliyyə naziri Volfang Skhuble ağır borc içində olan avrozona ölkələri üçün qənaət siyasəti tətbiq etdilər. Bu addımlar İrlandiyada alqışlansa da, dövlət sektoru və pensiyaların ixtisar olunduğu Yunanıstanda narazılıqla qarşılandı.
2015-ci ildə sərhədləri bir milyon qaçqının üzünə açan Merkel, daha sonra Brüssel birliyin digər 27 üzvünü beynəlxalq hüquqa əməl etməyə, qaçqın yükünü paylaşmağa, humanist davranmağa inandıra bilmədilər. Elə özünün mühafizəkarlardan və Sosial Demokratlardan ibarət koalisiyası da siyasətinə böyük dəstək vermədi.
“Şübhəsiz, Macarıstanın Baş naziri Vikrot Orban kimi Avropanın bəzi liderləri Merkel erasının bitməsinə şadlana bilərlər. Onlar təkcə Merkelin qaçqın siyasətinə qarşı çıxmırdılar. AB-nin Rusiyaya sanksiyalarına da qarşı idilər… Sanksiyalar Merkelin prinsipiallıq göstərdiyi başqa bir məqam idi”, – yazan müəllif kanslerin vəzifədə qalan illərində 2005-ci ildən bəri yığdığı dosyeni belə asanlıqla əldə verməyəcəyini vurğulayır. Bu dosye Rusiya- Ukraynanı, Avropanı, Çin və Birləşmiş Ştatları əhatələyir.
(Azadlıq radiosu)