XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 12:18

ABŞ-ın Yəmənlə bağlı mövqeyinin dəyişməsinə təsir edən 3 amil… –Elxan Şahinoğlundan şərh

“ABŞ dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mettis Yəmənlə bağlı gözlənilməz açıqlama ilə çıxış ediblər. Hər ikisi Səudiyyə Ərəbistanını Yəməndə hərbi əməliyyatları və bombardmanları dayandırmağa çağırıblar. Məsələ burasındadır ki, son vaxtlara qədər Vaşinqton Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı apardığı müharibəni dəstəkləyirdi. Bəs necə oldu ki, Vaşinqtonun mövqeyi dəyişdi?”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Feysbuk”dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-ın hazırda fərqli mövqe tutmasının bir neçə səbəbi var:

“Birincisi, Səudiyyə vətəndaşı Camal Xaşuqcinin İstanbulda qətli hamı kimi, ABŞ cəmiyyətini də şoka saldı. Bundan sonra Vaşinqtonun Səudiyyə Ərəbistanını dəstəkləməsi çətinləşdi.

İkincisi, Səudiyyənin hərbi təyyarələrinin Yəmən ərazisini bombardmanları zamanı mülki insanlar da həlak olur. Bombardmanlardan birində 50 məktəbli həlak olmuşdu. Bu da beynəlxalq aləmdə, o cümlədən ABŞ cəmiyyətində etiraz doğurdu.

Üçüncüsü, ABŞ Konqresinə seçkilər yaxınlaşmaqdadır. Prezident Donald Tramp daha çox respublikaçının qələbəsini arzulayır. Buna görə də Ağ Ev sahibi xarici siyasətdəki yükdən mümkün qədər qurtulmalıdır. Səudiyyəyə dəstək Ağ Ev sahibinin və onun tərəfdarlarının reytinqə mənfi təsir edə bilər. Ona görə də Vaşinqton Səudiyyə ilə münasibətlərdə bir az məsafə saxlamağa qərar verib”.

Politoloq bildirib kİ, buna baxmayaraq, Vaşinqton Yəməni husilərə və bu qüvvələrin arxasında dayanan İrana təslim etmək istəmir: “Vaşinqtonun tələbi budur ki, tərəflər 30 gün ərzində danışıqlar masası ətrafında oturmalıdırlar. Əslində, bu, Ər-Riyadın da faydasınadır. Çünki yalnız bombardmanlarla Yəməndə husiləri məğlub etmək mümkün olmayacaq. Yəməndə atəşkəs və sülh danışıqlarının başlaması Səudiyyə Ərəbistanının da xeyrinədir”.