Belçikanın hüquq-mühafizə orqanlarının 22 min əməkdaşını birləşdirən “Polislərin birliyi uğrunda hərəkat” (Police Unifying Movement) üzvləri noyabrın 1-dən 15-dək yol hərəkəti qaydalarını pozan sürücülərdən cərimə almayacaq və bunun əvəzinə onlarla maarifləndirici söhbətlər aparacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə hərəkatın “Facebook” səhifəsində bildirilir. “No Money” (“Pulsuz”) etiraz aksiyası hökumətin diqqətini polislərin tələblərinə cəlb etmək məqsədi daşıyır. Onlar polis orqanlarının federal və yerli statuslarının yaranmasına gətirib çıxaran 2001-ci il islahatları ilə razı deyillər. Aksiya iştirakçıları bu islahatlara ictimai etiraz nümayiş etdirmək üçün noyabrın 15-də Brüsselin mərkəzi Qran-Plas meydanında toplanacaqlar.
Eyni zamanda, polislərin həmkarlar ittifaqlarının passivliyindən narazı qalan aksiyanın təşkilatçıları tələblər paketini Belçikanın daxili işlər nazirinə və federal parlamentin siyasi fraksiyalarının rəhbərlərinə təqdim ediblər. Nəticədə bəzi fraksiya sədrləri onlarla görüşə razılaşsalar da, nazir bu məsələyə reaksiya verməyib.