XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2018 - 18:27

“NATO Əfqanıstan ordusunu azı 2024-cü ilədək maliyyələşdirəcək” –Yens Stoltenberq

NATO azı 2024-cü ilə qədər Əfqanıstan ordusunu maliyyələşdirməkdə davam edəcək.

TASS informasiya agentliyi xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qani Kabildə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirilən mətbuat-konfransında deyib.

“NATO Əfqanıstan ordusunu azı 2024-cü ilədək maliyyələşdirəcəyini təsdiqləyib”, – deyə Əşrəf Qani bildirib və Əfqanıstanın təhlükəsizliyinin NATO ölkələrinin təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb.

“NATO-nun Əfqanıstana dəstəyi davam edəcək. Hazırda 39 ölkədən 16 min nəfər “Qətiyyətli dəstək” missiyası çərçivəsində ölkənin Silahlı Qüvvələrinə təlim keçir. Əsas diqqət isə xüsusi təyinatlı dəstələrə və aviasiyaya ayrılıb”, – deyə Yens Stoltenberq öz növbəsində qeyd edib. O, həmçinin alyansın dövlət və hökumət başçılarının iyul ayında Brüsseldə keçirilən sammitində “Qətiyyətli dəstək” missiyasının mandatının və Əfqanıstan ordusunun xarici maliyyələşməsinin 2020-ci ilədək və lazım gələrsə, daha çox artırılması barədə qərar qəbul olunduğunu xatırladıb.

Ekspertlərin hesablamalarına görə, burada təxminən ildə 4 milyard dollardan söhbət gedir. Bunun 1 milyard dollarını NATO ölkələri, 3 milyard dollarını isə ABŞ ayırmalıdır. Əfqanıstanın qərbyönümlü rejiminin hərbi xərcləri ABŞ və NATO-nun müdaxiləsi nəticəsində yarandığı 2001-ci ildən bəri hər zaman tam həcmdə xaricdən maliyyələşib.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Əsasən Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olan missiya təhlükəsizliyin təmin edilməsi üzrə ABŞ, NATO və terror əleyhinə beynəlxalq qüvvələrin komandanlığı altında keçirilən hərbi əməliyyatları əvəzləyib/Azərtac.