XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 22:08

İsveçdə siyasi böhran dərinləşir- Növbəti dəfə yeni Baş naziri seçmək mümkün olmayıb

İsveçdə növbəti dəfə yeni Baş naziri seçmək mümkün olmayıb.

AZƏRTAC xəbər verir ki, İsveç parlamentində (riksdaq) Mötədil Koalisiya Partiyasının rəhbəri Ulf Kristerssonun Baş nazir postuna namizədliyi səsə qoyulub. Lakin o, yetərincə səs toplaya bilməyib və ölkə tarixində hökumətin başçısı vəzifəsinə namizədliyi parlament tərəfindən rədd edilən ilk siyasətçi olub.

Ulf Kristersson Baş nazir postunu tutmaq üçün iki dəfə cəhd edib. Oktyabrda yeni hökumətin formalaşdırılması təklifini alan siyasətçi parlament fraksiyaları arasında konsensus əldə edə bilməyib. Daha sonra bir neçə siyasi partiya liderləri ilə görüşlər keçirən Sosial-Demokrat Partiyasının lideri, sabiq Baş nazir Stefan Lyöven də bu imkandan istifadə edə bilməyib. Beləliklə, İsveçdə siyasi böhran daha da güclənib və yeni hökumətin formalaşdırılması prosesi mürəkkəb hal alıb. Qeyd edək ki, parlamentin spikeri Baş nazir postuna dörd namizəd irəli sürə bilər və onların hamısının uğursuzluğa düçar olacağı təqdirdə ölkədə yeni seçkilər keçiriləcək.

Xatırladaq ki, riksdaqa seçkilər 2018-ci il sentyabrın 9-da keçirilib və üç siyasi partiyanın daxil olduğu “Qırmızı-Yaşıllar bloku” cüzi fərqlə qələbə qazanıb. Nəticədə, parlamentdə üstünlük cəmi bir mandatdan ibarət olub və ölkə dərhal siyasi böhranla qarşılaşıb. Bu partiyalardan heç birinin millətçi sağ təmayüllü İsveç Demokratları partiyası ilə əməkdaşlıq etmək niyyətində olmaması vəziyyəti daha da mürəkkəbləşdirib.