Sistan-Bəlucistan bölgəsində mühafizə xidmətini yerinə yetirərkən girov götürülərək Pakistan ərazisinə aparılmış 11 sərhədçidən 5-i dünən azad edilərək İrana qaytarılıb.
Bu barədə İran İslam İnqilabı Keşikçləri Korpusunun generalı Əli Cəfəri məlumat verib.
Onun sözlərinə görə, girov götürülən sərhədçilərdən 5-i Pakistan tərəfi ilə aparılan danışıqlar və həyata keçirilən əməliyyatlar nəticəsində sərbəst buraxılıb. General qeyd edib ki, girovluqda qalan digər 6 sərhədçinin də azad edilməsi üçün tədbirlər görülür.
Xatırladaq ki, oktyabrın 15-də İranın Pakistan ilə sərhədində yerləşən Sistan-Bəlucistan bölgəsində 11 sərhədçi naməlum silahlılar tərəfindən girov götürülərək Pakistan ərazisinə aparılmışdı. İran mətbuatının yazdığına görə, sərhədçiləri “Ceyşul-Ədl” adlı terror qruplaşması girov götürüb/Azərtac.