XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2018 - 21:32

Avropa bankları xüsusi mexanizmə qoşulmurlar- ABŞ-ın təhdidindən ehtiyat edərək

ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra Avropa İttifaqı ilə rəsmi Tehran arasında ticarət və bank əməliyyatlarının həyata keçirilməsi üçün xüsusi mexanizm yaradılması üzərində iş aparılırdı.

AZƏRTAC xəbər verir ki, tərəflər bu mexanizmi artıq hazırlayıblar. Mexanizmə əsasən dolayı yollarla, lakin hüquqi qaydada Avropa dövlətləri İran ilə maliyyə hesablaşmalarını həyata keçirə bilər. Mexanizmin hazır olmasına baxmayaraq işə salınmır. Problem isə ondan ibarətdir ki, heç bir Avropa dövləti bu mexanizmin mənzil-qərargahının öz ölkəsi ərazisində yerləşməsini istəmir.

“Reuters” agentliyi yazır ki, Avropa dövlətləri siyasi bəyanatlarda İran ilə iqtisadi əlaqələrini davam etdirəcəklərini bildirirlər. Lakin ABŞ-ın təhdidindən qorxaraq yaratdıqları mexanizmi işə salmaqdan ehtiyat edirlər. Artıq Fransa, Almaniya və Böyük Britaniya bu mexanizmin mənzil-qərargahının öz ölkələri ərazisində fəaliyyət göstərməsini istəmədiklərini bildiriblər. Tərəflər mənzil-qərargahın Avstriyada yerləşməsi haqqında razılığa gəlsələr də rəsmi Vyana bundan qəti şəkildə imtina edib.

Hazırda xüsusi mexanizmin mənzil-qərargahının Belçika və yaxud Lüksemburqda yerləşdirilməsi haqqında danışıqlar aparılır. Lakin bu dövlətlər də imtina edirlər. Adıçəkilən dövlətlərin bankları ehtiyat edirlər ki, bu mexanizmə qoşulduqdan sonra onların ABŞ-dakı filiallarının fəaliyyəti dondurular və kifayət qədər gəlirli olan Amerikanın maliyyə bazarı onların üzünə bağlanar.