XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 10:27

Bu gün İnterpolun yeni rəhbəri seçilir –Rusiyalı namizəd ən şanslıdır, Ukraynadan kəskin etiraz var

Noyabrın 20-də Interpol özünə yeni rəhbər seçəcək. Rusiya Daxili İşlər Nazirliyinin aparıcı rəsmisinin bu beynəlxalq polis agentliyinin başına keçə biləcəyi sarıdan narahatlıq var.

Dubayda keçiriləcək iclasda dünyanın müxtəlif ölkələrindən polis rəisləri yeni başçı seçəcəklər.

Britaniya mediasının yazmasına görə, 56 yaşlı general mayor Aleksandr Prokopçuk qurumun başına keçə bilər. Baxmayaraq ki, Moskvanın siyasi düşmənlərini təqib etməkdən ötrü bu agentliyin prosedurlarından istifadə etməsinə dair iddialar var. Fransanın Lion şəhərində yerləşən agentlik mili polis xidmətlərinin sərhədləri xaricində şübhəlilərin izinə düşməsinə kömək edir. Amma qurumun adamları həbs etmək səlahiyyəti yoxdur.

Agentliyin tənqidçiləri getdikcə daha çox xəbərdarlıq edirlər ki, bəzi ölkələr siyasi motivli təqiblər üçün axtarış elanları verirlər. Ukraynanın Daxili İşlər Nazirliyi bildirib ki, Prokopçuk seçilsə, ölkənin quruma üzvlüyünü dayandıracaq.

“Rusiyanın Interpola mümkün prezidentliyi absurddur, qurumun ruhuna və məqsədlərinə ziddir”, – Arsen Avakov noyabrın 19-da yaydığı bəyanatda bildirib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra Moskvayla Kiyevin münasibətləri gərginləşib. Rusiyanın quruma mümkün rəhbərliyini ABŞ senatorları da pisləyib. Respublikaçılar Marko Rubio və Roger Vicker, demokratlar Canne Şahin və Kris Cons birgə məktubda yazıblar:

“Rusiya siyasi opponentləri, dissidentlər və jurnalistlərlə hesab çürütmək, onları təqib etməkdən ötrü Interpol-dan daimi istifadə edir”.

Rusiyanın antikorrupsiya fəalı Aleksey Navalnı də gözlənən hadisəni pisləyib. O özü dəfələrlə saxlanıb, cinayət ittihamları ilə üzləşib, özü və tərəfdarları bunları siyasi motivli sayıb. Fəal deyib ki, həmkarları Interpol rəsmilərinin yol verdiyi “sui-istifadə”dən əziyyət çəkiblər, həmin rəsmilər Kremlin opponentlərini təqib etməyi hədəfləyən Rusiyanın axtarış tələblərini yerinə yetiriblər.

“Məncə, Rusiyadan prezident seçilməsi belə pozuntuları azaltmayacaq”, – o, Twitter-də yazıb.

İndiyədək bu vəzifəni Meng Hongveyi tutub. O, Çinin dövlət təhlükəsizliyi üzrə vitse-prezidenti idi, sentyabrda Çinə səfər zamanı itkin düşdü. Pekin sonradan onun korrupsiyayla mübarizə çərçivəsində saxlandığını bildirdi.

 

(Azadlıq radiosu)