XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2018 - 19:32

“Google” Danimarkada yeni məlumat mərkəzi qurur- 685 milyon dollar sərmayə qoyacaq

Amerikanın “Google” korporasiyası Danimarkada yeni məlumat mərkəzi tikintisi üçün 4,5 milyard Danimarka kronu (təqribən 685 milyon dollar) məbləğində sərmayə qoymaq niyyətində olduğunu bildirib.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, yeni mərkəz Kiçik Belt boğazı yaxınlığında, Frederisiya şəhərinin ətrafında yerləşəcək. Məlumat mərkəzinin tikintisini 2021-ci ildə başa çatdırmaq nəzərdə tutulur.

“Google” Danimarkada “yaşıl” energetika sahəsinə də sərmayə qoymağı planlaşdırır. Hazırda korporasiya bu sahəyə aid bir sıra layihələri təhlil edir və birgə iş üçün münasib tərəfdaşlar axtarır.

Qeyd edək ki, Danimarka külək enerjisi istehsalı sahəsində dünya üzrə liderlərdən biridir. Danimarka energetika agentliyinin məlumatına görə, ölkədə elektrik enerjisi istehsalının üçdəbir hissəsindən çoxu külək turbinlərinin payına düşür. Bu səbəbdən, bir sıra transmilli şirkətlər Krallıqda özlərinin məlumat mərkəzlərini açmağa çalışırlar. “Facebook” və “Apple” kimi şirkətlər də burada öz məlumat mərkəzlərini yaratmağı planlaşdırırlar.