XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2018 - 09:41

Rusiya nüvə doktrinasına yenidən baxa bilər –Deputatlar Putinə təkliflər verib

Rusiya parlamentinin yuxarı palatasının komitələrindən biri Kremlə ölkənin nüvə silahından istifadəsi qaydalarına yenidən baxılmasını məsləhət görüb.

Noyabrın 21-də Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsində keçirilən dinləmənin iştirakçıları bildiriblər ki, prezidentin Təhlükəsizlik Şurasının nüvə doktrinasının yeni versiyasını hazırlamasına ehtiyac var.

Prezident üçün icbari xarakter daşımayan bu təklifdə millət vəkilləri bildirirlər ki, doktrinanın yenidən işlənmiş versiyasında Rusiyaya qarşı hipersonik və başqa qeyri-nüvə silahlarının işlədilməsinə cavab məsələsi aydın şəkildə açıqlanmalıdır.

Bu təklifdən iki gün əvvəl prezidnet Vladimir Putin ölkənin ali rütbəli hərbçiləri ilə ABŞ-ın nüvə müqaviləsindən çıxmasına mümkün reaksiya məsələsini müzakirə etmişdi.

Putin noyabrın 19-da demişdi ki, ABŞ-ın 1987-ci il tarixli Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən (INF) çıxması cavabsız qalmayacaqdır. O əlavə etmişdi ki, Moskva bu məsələni Vaşinqtonla müzakirə etməyə hazırdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ay öz ölkəsinin 1987-ci ilin INF müqaviləsindən çıxmaq niyyətini elan etmişdi. Tramp iddia edir ki, Rusiya yeni raketlər yaratmaqla bu müqavilənin şərtlərini pozub.

Müqavilə ABŞ və SSRİ-nin varisi olan Rusiyaya 500 kilometrdən 5000 kilometrədək uça bilən ballistik raketlərin istehsalını, saxlanmasını və yerləşdirilməsini qadağan edir.

Rusiya müqavilənin şərtlərini pozduğuna dair ittihamları rədd edir və hətta bildirir ki, ABŞ-ın Avropada yerləşdirdiyi raketdən müdafiə sistemlərinin bəzi komponentləri INF-nin şərtlətini pozur.

(Azadlıq radiosu)