“Tramp administrasiyasının İran rejimini devirmək cəhdi alınmayacaq. Avropa Birliyi 2015-ci il nüvə sazişini qorumağa çalışır, Rusiya, Çin və Hindistan bu ölkəylə biznesi davam etdirir, yəni İranın bu çətinlikdən çıxmağa yetərincə tərəfdaşı var”. Bunu “The Project Syndicate” portalında Amin Saikal yazıb.
Noyabrın 5-dən İranın nüvə ixracını hədəfləyən sanksiyalar qüvvəyə minib. Tramp administrasiyası İran rejiminin “ziyanlı davranış”ında dəyişiklik yaratmaq istədiyini bildirir. Amma müəllifin fikrincə, sıravi iranlılara çətinliklər yaradan sanksiyalar Prezident Donald Trampın arzuladığı nəticəni verməyəcək.
İndiyədək İran liderləri sanksiyalara meydan oxuyublar. Nüvə sazişini imzalamış digər ölkələr və Avropa Birliyi də İranı dəstəkləyib, Tehranın sazişin şərtlərinə əməl etdiyini bildirib. Düzdür, sanksiyaların təsiri özünü gözlətməyib, bir sıra şirkətlər bu ölkədə fəaliyyəti dayandırıblar və sonucda İranın onsuz da kövrək iqtisadiyyatı zərbə yeyib, qiymətlər qalxır, milli valyuta çökür.
“Ancaq İranın bu çətinliyin öhdəsindən gəlmək bacarığını da aşağı dəyərləndirmək olmaz. Rusiya, Çin və İranla iqtisadi, ticari əlaqələri güclənməkdədir. Məsələn, Rusiyayla silah sazişlərindən artıq birbaşa investisiyalara keçiblər. Rusiyanın enerji şirkətləri İranda neft və qaz tədqiqatına 50 milyard dollar yatırılacağını deyirlər. Rusiya İranın Cənubi Pars qaz yatağını da işləyir və bu yataq dünyada ən böyük sayılır.
Bu arada Çin bir sıra layihələrə maliyyə və texniki yardım ayırır, dəmiryollarından tutmuş xəstəxanalara qədər. Ötən il Çinin CITIC Group dövlət investisiya şirkəti İrana 10 milyard dollarlıq kredit xətti ayırıb, Çin İnkişaf Bankı isə daha 15 milyard dollar vəd edib. Çin Amerika sanksiyalarından möhlət almış səkkiz ölkədən biridir və idxal etdiyi neftin 11 faizini İrandan almaqda davam edəcək.
Hindistana da sanksiyalardan möhlət verilib və iki səbəbdən İranla münasibətləri yaxşı səviyyədə saxlayacaq. Birincisi, Hindistan neftinin 10 faizindən çoxu İrandan alır, bunu əvəzləmək baha başa gələr. İkincisi, Hindistanda İranın Oman Körfəzindəki Çabahar limanının qurulmasına İranla əməkdaşlıq edir. Bu yolla Hindistan regiondakı rəqibi Pakistandan yan keçməklə Əfqanıstan və Orta Asiyaya çıxış əldə edəcək”, – müəllif yazır.
(Azadlıq radiosu)