XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 17:41

Putin Azov dənizində qorxulu oyun oynayır –Qərb mediası Rusiya-Ukrayna gərginliyindən nələr yazır?

Rusiya Kerç boğazını yenidən açıb, amma Ukrayna ilə son toqquşma Moskvanın geosiyasi xəritəni yenidən çəkməkdən ötrü qeyri-ənənəvi, qismən qeyri-hərbi və bəzən də ölümcül olmayan yollara əl atmaq kimi daim artan iştahının daha bir göstərisidir. Bu strategiya nəticəsində Putinin düşmənləri özəlliklə də Ukrayna sərhədləri boyunca sonsuz müharibəyə sürüklənib, NATO üzvləri isə bunu önləməyə çalışırlar”. “Reuters” agentliyinin köşə yazarı Peter Apps bazar günü Qara dənizdə Rusiyayla Ukrayna arasında yaşanmış insidentdən yazıb.

Həmin gün Moskva Ukrayna gəmilərinin Azov dənizinə girişini önləyib, üç gəmini və dənizçiləri ələ keçirib. Rusiya isə Ukraynanı provokasiyada ittiham edir.

Ukrayna və onun Qərbdəki müttəfiqləri indi buna necə reaksiya verməyi qərarlaşdırmalıdırlar. Əks halda bu, Rusiyaya zəiflik kimi görünəcək və onu daha artıq təcavüzə meylləndirəcək. Amma heç bir tərəf idarə edə bilməyəcəyi münaqişə istəmir – bu, daha çox şahmat oyununa bənzəyir, amma canlı sursat, gəmilər, təyyarələr və insanlarla oynanılır”, – müəllif vurğulayır.

Belə qarşıdurmalar Cənubi Çin dənizində olduğu kimi qansız da keçə bilər, Ukraynanın Donbas regionu, yaxud Yaxın Şərqdəki Suriya və Yəmən müharibələri kimi qanlı-qadalı da. Müəllif oxşar qarşıdurmaların getdikcə artdığını, ticarətdən tutmuş insan haqlarınadək bir sıra məsələlər üzrə gərginliklərdən daha da alovlandığını qeyd edir.

“Krımın ilhaqından bəri Qərbin hərbi yardımını artırmasına baxmayaraq, Ukrayna NATO-dan kənarda qalıb, yəni Qərb ölkələrinin hərəkətə keçmək kimi bir saziş öhdəliyi yoxdur. Amma Avropa ölkələri, eləcə də Birləşmiş Ştatların milli təhlükəsizlik icmasında çoxları Qərbdən birbaşa dəstək, təlim, silah yardımı görmək istərdi. ABŞ və NATO-nun digər üzləri Qara Dənizdə iştiraklarını artıra da bilərlər… Qərb belə addım atarsa, Rusiya daha da qəzəblənə bilər, ancaq indi qaçılmaz görünən əlavə sanksiyalar Moskvanı hərəkətlərinə görə cəzalandırmış olar. Bu insidentdən sonra NATO da yəqin Şərq Avropada müdafiəsini möhkəmləndirə bilər”, – müəllif yazır.

(Azadlıq radiosu)