XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2018 - 10:31

Tramp həbs edilən dostlarını əfv edə biləcəyini açıqladı –Senatorlardan prezidentə kəskin xəbərdarlıq gəldi

ABŞ Prezidenti Donald Tramp deyir ki, keçmiş kampaniya sədri Paul Manafortu əfv etməyi istisna etməzdi. Manafort bu həftə yenidən Rusiya istintaqının hədəfinə gəlib.

Tramp “New York Post”da noyabrın 28-də dərc olunmuş müsahibəsində deyib ki, Manafortun əfvini müzakirə etməyib, amma “bu variantı kənara qoymuram. Niyə kənara qoymalıyam?”

Manafort bu yay bank və vergi fırıldağında təqsirli bilinib. Sentyabrda o, xüsusi prokuror Robert Müllerin irəli sürdüyü çirkli pul yuma və gizli fəaliyyətlə bağlı ittihamlar üzrə özünü təqsirli bilib. Müller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə iddialarını, Trampın seçki kampaniyasının Moskvayla mümkün iş birliyini araşdırır.
69 yaşlı Manafort prokurorlarla əməkdaşlıq razılaşması imzalamışdı. Amma Müller noyabrın 26-da ABŞ məhkəməsinə bildirib ki, Manafort prokurorlarla dəfələrlə yalan danışmaqla sazişi pozub. Beləliklə, Manafort illər, hətta on illərlə həbs cəzasına məhkum edilə bilər.

Manafort yalan danışdığını, razılaşmanı pozduğunu inkar edib, amma özünə qarşı hökmün dərhal çıxarılmasına da razılaşıb. Keçmiş prokurorların deməsinə görə, əfv olunmasa, o, həyatının qalan hissəsini həbsdə keçirə bilər.

Tramp Rusiyayla işbirliyinə dair deyilənləri dəfələrlə təkzib edib, Müllerin istintaqını əcinnə ovu, özünü isə çox yaxşı insan adlandırıb.

Prezident indiyədək aydın şəkildə deyib ki, Ağ evə sadiq qalanları əfv etməyi nəzərdən keçirəcək. Manafortdan başqa Trampın bir neçə keçmiş köməkçisinə də ittihamlar irəli sürülüb.

Senatın kəşfiyyatı komitəsinin aparıcı demokrat üzvü isə deyib ki, Tramp Manafortu əfv edərsə, bu, hakimiyyətdən kobud və qəbuledilməz dərəcədə sui-istifadə olar.

Senator Mark Varner tvitində yazıb ki, prezidentin əfv səlahiyyəti Trampın özünü və dostlarını qoruması üçün şəxsi alət deyil.

ABŞ kəşfiyyat agentliklərinin qənaətinə görə, “WikiLeaks” saytının seçkidən bir neçə həftə öncə yaydığı, demokratların qurumlarından hakerliklə əldə olunmuş materialın mənbəyi Rusiya olub. Demokratların namizədi Hillari Klinton Trampa gözlənilməz məğlubiyyətinə görə həmin məlumat sızmasını da suçlamışdı. (azadlıq.org)