XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 10:02

BMT:"Suriya ilə bağlı Astana prosesi itirlimiş imkandır"

BMT-nin Suriya üzrə nümayəndəsi Stefan de Mistura bu il ərzində müxtəlif vaxtlarda Qazaxıstanın Astana şəhərində keçirilmiş Suriya sülh danışıqlarını itirilmiş imkan adlandırıb.

Noyabrın 29-da yayılmış bəyanatda deyilir ki, de Mistura ölkənin yeni konstitusiyasını tərtib edəcək komitənin təşkili istiqamətindəki on aylıq durğunluqdan dərin məyusluq keçirir:

“Bu, Astanada 2018-ci ildə keçirilən son təmas idi və təəssüf ki, Suriyanın sahibliyi, Suriyanın rəhbərliyi və BMT-nin vasitəçiliyi ilə etibarlı, balanslı, müştərək konstitusiya komitəsinin yaradılması ilə nəticələnməyib”.

Bu bəyanat de Misturanın Suriya rejimini dəstəkləyən Rusiya və İranın, habelə qiyamçıları dəstəkləyən Türkiyənin nümayəndələri ilə görüşünün ardınca keçirilmiş iki günlük Astana danışıqlarından sonra verilib. Bu üç ölkə Suriyada sülhün bərqərar olunması naminə aparılan “Astana prosesinin” əsas qarantlarıdır.

Astana danışıqları 2017-ci ildən aparılır və BMT-nin apardığı sülh prosesini tamamlamalı idi. Bu arada Rusiya, İran və Türkiyə arasında razılaşdırılmış bəyannamədə Vaşinqtonun Suriyadakı hərbi mövcudiyyəti tənqid olunur.

Bəyannamədə deyilir ki, qarantlar Suriyada terrorizmlə mübarizə adı altında yeni reallıq yaradılması cəhdlərini rədd ediblər.

Bu həftənin əvvəlində Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-ı Suriyanın cənubunda İslam Dövləti qrupunun olmasını bəhanə gətirərək orada qoşun saxlamasını tənqid etmişdi. Rusiyanın Suriya danışıqçısı Aleksandr Lavrentyev də Astana danışıqları zamanı ABŞ-ın Suriyadakı sürəkli mövcudiyyətindən gileylənib.

Öz növbəsində ABŞ Dövlət Departamenti bildirib ki, konstitusiya komitəsinin təşkili həyati əhəmiyyət daşıyır. Vaşinqton habelə Rusiya və İranı bu prosesdən Əsəd rejiminin siyasi prosesə başlamaq istəməməsini pərdələmək üçün istifadədə ittiham edib.

Dövlət Departamentinin sözçüsü Heyzə Nauert deyib ki, Suriyada uğur qazanıla bilməməsinin səbəbi beynəlxalq icmanın Dəməşq rejimindən hesabat tələb etməməsi olub. ABŞ nümayəndəsi Astana danışıqlarının ilkin mərhələsində müşahidəçi qismində bu müzakirələrdə iştirak edirdi. Lakin səfir Ceyms Cefri Vaşinqtonun sonrakı danışıqlarda iştirakını istisna edib.

Birgə bəyannaməyə görə Suriyaya dair Astana danışıqlarının növbəti dövrəsi gələn ilin fevralında keçirilməlidir. Əsəd hökuməti indiyədək yeni konstitusiyanın tərtibi ideyasını rədd edir və bildirir ki, bu, ölkənin daxili işidir.

(Azadlıq radiosu)