XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 17:53

Ukraynalı dənizçilərə qarşı ittiham irəli sürüldü –Girovlar Lefertova həbsxanasında saxlanılır

Rusiyanın ötən ay saxladığı ukraynalı dənizçilərə sərhədi qanunsuz keçmə ittihamı irəli sürülüb. Bunu dənizçilərdən birinin vəkili təsdiqləyib. Rusiya noyabrın 25-də Qara dənizdən Azov dənizinə keçən 24 dənizçi ilə birlikdə üç gəmini saxlayıb.

Gəmilər iki dənizi birləşdirən Kerç boğazını keçməyə çalışarkən Rusiya tərəf onlara atəş açıb.

Daha bir dənizçinin vəkili Cəmil Temişov noyabrın 29-da demişdi ki, dənizçilərdən 21-i Rusiyanın ilhaq etdiyi Krımdan Moskvadakı Lefortovo təcridxanasına aparılıb. Rusiya hakimiyyəti insident zamanı yaralanmış üç dənizinin başqa bir təcridxanada müalicə olunduğunu bildirib.

Rusiyanın İnsan Haqları Komissarı Tatyana Moskalkovanın dekabrın 3-də bildirməsinə görə, dənizçilərə ərzaq, geyim və başqa gərəkənlər, eyni zamanda hüquqi yardım göstərilir.

Moskalkova dekabrın 3-də Rossiya 24 televiziyasına deyib ki, insan haqları müdafiəçiləri dənizçilərə baş çəkib, hər biriylə söhbət edib. O, saxlananların saxlanma şəraiti və tibbi yardımdan heç bir şikayəri olmadığını, vəkillərin müştəriləri ilə görüşə bildiyini vurğulayıb.

Bu insident Kiyevlə Moskva arasında gərginliyi artırıb. Ukrayna Prezidenti Petro Poroşenko Rusiyayla həmsərhəd bəzi regionlarda 30 günlük hərbi vəziyyət elan edib. Tərəflər bir-birini provokasiyada ittiham edib. Ancaq Kiyev bildirir ki, Rusiya Kerç boğazını Ukraynadan komemrsiya nəqliyyatının üzünə bağlayır.

Qərb liderləri, Böyük Yeddilik daxil olmaqla, Rusiyanı ukraynalı dənizçiləri buraxmağa, gəmiləri Kiyevə qaytarmağa çağırıb.

(Azadlıq radiosu)