XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

05 Dekabr 2018 - 18:02

Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimi Telavidə keçiriləcək- Xarici ölkələrdən qonaqlar dəvət olunacaq

Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimi paytaxt Tbilisidə deyil, Kaxeti bölgəsində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, andiçmə mərasiminin dekabrın 16-da Telavi şəhərində keçirilməsi nəzərdə tutulub. Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili mətbuata açıqlamasında deyib ki, mərasimin şəhər ərazisindəki “Batoni” qala sarayında keçirilməsi planlaşdırılıb. Bununla belə, hələlik mərasimə hazırlıq işlərinə başlanılmayıb. Bildirilib ki, “Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.

Yeni Prezidentin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar dəvət olunacaq. Bu sözləri Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili söyləyib. Onun sözlərinə görə, andiçmə mərasiminə Gürcüstanın diplomatik münasibətləri olan bütün dövlətlərdən nümayəndələr dəvət olunacaq. Xarici qonaqlar üçün artıq dəvətnamələr göndərilib. “Biz diplomatik münasibətlərimiz olan bütün dövlətləri mərasimə dəvət edirik. Mərasimdə kimin iştirak edəcəyini isə onlar özləri qərar verəcəklər”, – deyə S.Zurabişvili vurğulayıb.

O, hazırkı Prezident Qeorgi Marqvelaşvilinin də andiçmə mərasimində iştirak edəcəyini deyib. Bildirilib ki, hazırda andiçmə mərasiminin yüksək səviyyədə təşkili istiqamətində iş gedir.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Salome Zurabişvili səslərin 60 faizini toplamaqla rəqibi Qriqol Vaşadzeyə qalib gəlib. Yerli mətbuatın yazdığına görə, S.Zurabişvili həm birinci, həm də ikinci turda Telavidə rəqibinə uduzub.