Yəməndə davam edən fəlakətli müharibədə döyüşən tərəflər bir neçə uğursuz cəhddən sonra Birləşmiş Ştatlar və Qərbin qüdrətli dövlətlərinin təzyiqləri altında BMT-nin vasitəçiliyi ilə İsveçdə məsləhətlşmələrə başlayır. Lakin diplomatlar tərəflərin ciddi komromislərə hazır olmadığı və gərginliyin azaldılması məsələsini diqqət mərkəzində saxlamadığı ilə bağlı xəbərdarlıq edir.
Çərşənbə axşamı günü Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti və İranın dəstəklədiyi Husi üsyançıları məsləhətləşmələrin çərşənbə günü başlamasından öncə məhbus mübadiləsinə razı olub. Döyüşən tərəflərin hər birinin təxminən 1500 məhbusu dəyişdirəcəyi gözlənilir.
“Bu, qarşılıqlı etibarın yaradılması istiqamətində ilk düzgün addımlardan biridir” – deyə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü Mirella Hodeyb bildirib. Təşkilat 12 milyon insanın aclıq fəlakəti ilə qarşılaşdığı ölkədə dözülməz şəraitlə bağlı xəbərdarlıq edən bir neçə beynəlxalq qrupdan biridir.
Yəmənə iki həftə bundan əvvəl səfər edən Dünya Ərzaq Proqramının direktoru Devid Besli ölkədəki vəziyyəti “dünyada ən dəhşətli humanitar fəlakət” adlandırıb.
Müharibə nəticəsində 10 mindən, aclıq nəticəsində isə 50 mindən çox insan ölüb. Ölkədə qidasızlıqdan gündə 130 uşaq ölür. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumları məktəblər, xəstəxanalar və yaşayış yerlərinə zərbələr endirib. Husi üsyançıları buna Səudiyyə Ərəbistanının şəhərlərinə uzun mənzilli raketlər atmaqla cavab verib.
Yəməndə dörd ildir davam edən müharibədə Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumət və İran tərəfindən dəstəklənən şiə qruplaşması olan Husi üsyançıları qarşı-qarşıya qoyulub. Müharibə nəticəsində ölkə iqtisadiyyatı çöküb və əhalinin yarıdan çoxu humanitar yardımdan asılı vəziyyətə düşüb.
Müşahidəçilər xəbərdarlıq edir ki, diplomatik həll yolu yalnız aclığa son qoyulmasına gətirib çıxara bilər. BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits aylardır diplomatik həll yolunun tapılması üçün səy göstərir. O, hökumət nümayəndələri və paytaxt Sənaya nəzarət edən Huti üsyançıları ilə danışıqlar aparıb.
“Tərəflər yəmənlilər qarşısında bu imkandan istifadə etməyə borcludurlar. Biz bu prosesin asan olacağı ilə bağlı illüziyalara qapılmırıq, lakin biz bu zəruri və mühüm ilk addımı alqışlayırıq” – deyə, ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
UNİCEF təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Geert Kappeler keçən həftə Yəmənə səfər edib. O deyir ki, Yəməndə 2 min 700-dən çox uşaq müharibədə döyüşlərə cəlb olunub. Onun sözlərinə görə, 6 min 700-dən çox uşaq ya öldürülüb, ya da ağır yaralanıb, bir milyondan çox uşaq isə məcburi köçkün olub.
“Yəməndə bu gün 7 milyon uşaq hər gecə yatmağa ac gedir. Hər gün 400 mindən uşaq həyat üçün təhlükəli, ciddi qida çatışmazlığı ilə qarşılaşır və hər an ölə bilər. 2 milyondan çox uşaq məktəbə getmir. Məktəbə gedənlərin çoxu dolu sinif otaqlarında aşağı keyfiyyətli təhsil alır. Bu rəqəmlər və bunun arxasındakı əhvalatlar həqiqətən əhəmiyyətlidirmi?” – deyə, Geert Kappeler bildirib.
Britaniyanın keçmiş xarici işlər naziri, hazırda isə Beynəlxalq Xilasetmə Komitəsinin rəhbəri olan Devid Miliband xəbərdarlıq edib ki, müharibə dayandırılmasa, milyonlarla insan aclıq çəkməyə davam edəcək. O deyib ki, məhbusların mübadiləsi və hökumətin yaralı Huti döyüşçülərinin müalicəsi üçün Yəməndən xaricə çıxarılmasına razılıq verməsi kimi etibar yaratmaq məqsədilə atılan addımlar “çox kiçik inkişafdan” xəbər verir.
O, tərəflər arasında inamın olmaması ilə bağlı xəbərdarlıq edib. “Tərəflər döyüşlər nəticəsində bölünüb və müharibə iqtisadiyyatı o deməkdir ki, hamı itki vermiri” -deyə, Miliband bildirib. “Təhlükə ondan ibarətdir ki, belə cüzi addımlar döyüşən tərəflərin barışmazlığı ilə müşayiət edilir. Bu, xaricdən gələcəkdə də təzyiqlərin artırılmasının əhəmiyyəti məsələsini qaldırır”, o əlavə edib.
Husilər ölkənin qərb bölgələrində güclü mövqeyə malikdir. Son həftələr Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın quru qüvvələri üsyançıların nəzarətində olan Hodeydaya yaxınlaşıb. Koalisiyanın dənizdə blokadanı saxlaması humanitar vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır. Yəmənə gətirilən idxalın dörddə üçü Hodeyda limanı vasitəsilə ölkəyə daxil olur.
Yəməndə müharibəyə son qoyulması istiqamətində danışıqlar oktyabr ayında səudiyyəli dissident jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilməsindən sonra intensivləşməyə başlayıb. Jurnalistin ölümü beynəlxalq səviyyədə hiddətlə qarşılanmış və Mərkəzi Kəşfiyyat Agentliyinin qətlin Səudiyyə Ərəbistanının de-fakto lideri olan vəliəhd Məhəmməd bin Salmanla bağlı olduğuna dair nəticə çıxarmasından sonra beynəlxalq ictimaiyyət Yəməndə müharibəyə son qoymaq üçün danışıqlara dəstəyi artırmağa nail olmuşdur.
Diplomatlar keçən ay bildirib ki, Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlarına nəzarət edən vəliəhd Xaşuqcinin qətlindən sonra imicini yaxşılaşdırmağın bir yolu kimi Ər-Riyadın hərbi müdaxiləsinə son qoymağa razı ola bilər. Britaniyanın xarici işlər naziri Ceremi Hant keçən ay BBC-yə müsahibəsində deyib ki, Xaşuqcinin ölümü Qərb qüdrətlərinin Səudiyyə Ərəbistanına təzyiqləri gücləndirməsinə kömək edib. “Biz onlardan nəsə etmələrini istəyə bilmək kimi bir mövqedəyik” – deyə, o bildirib.
Xaşuqcinin qətlindən sonra ABŞ Yəməndə atəşkəsə çağırıb və koalisiyanın dəstəklədiyi hökumət qüvvələrinə logistik dəstəyi azaldıb. İran bütün tərəfləri “konstruktiv və məsuliyyətli şəkildə danışıqlarda iştirak etməyə” çağırıb.
Keçən həftə ABŞ-ın 63 senatoru Amerikanın Səudiyyə Ərəbistanının Yəməndə dəstəklədiyi qüvvələrə yardımını dayandırması ilə bağlı müzakirələrin davam etdirilməsinə səs verib. ABŞ senatorlarından ibarət qrup Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin ABŞ təhqiqatçılarının Xaşuqcinin oktyabrın 2-də qətli ilə bağlı topladığı dəlillərlə bağlı Xarici Əlaqələr komitəsinin üzvlərini məlumatlandırdığı dinləmədən sonra qətlin vəliəhd tərəfindən əmr edildiyinə əmin olduqlarını deyərək, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq edilməsinə söz verib.
(Amerikanın səsi)