XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 14:00

Özbəkistanda daha bir məhdudiyyət aradan qaldırılır –Hökumət paytaxtda yaşayış hüququ əldə etməyi asanlaşdırır

Özbəkistan hökumətinin vədlərinə baxmayaraq, bu ölkədə propiska tələbi ləğv olunmur. “The Diplomat” portalında Ümidə Haşimova yazır ki, hökumətin bu il üçün qəbul etdiyi islahat proqramında martın 20-dək “propiska”nın, yaxud yaşamaq hüququ sisteminin ləğvi də nəzərdə tutulurdu.

“Propiska” Özbəkistanda daimi yaşayış yeridir, pasporta möhürlənir. Fərdin qeydiyyatda olduğu ünvanda yaşaması və işləməsi tələb edilir. Uşaqlar yalnız valideynlərinin yaşayış yerində dövlət təhsili ala bilərlər. Adekvat “propiska”nın olmaması cəriməylə nəticələnir. Müəllif bu qaydanın digər keçmiş sovet respublikalarında qaldığını, amma Özbəkistanda, özəlliklə də Daşkənd regionunda sərt şəkildə qorunduğunu qeyd edir.

Üstəlik, Daşkənddə “propiska”ya düşmək də asan deyil. Paytaxtda işçilərinə sponsorluq edən 70 hökumət agentliyi var. Həyat yoldaşları və yaxın qohumlar daxil 12 kateqoriyaya bölünmüş adamlar da “propiska”yla təmin edə bilərlər. Ötən il Daşkənddə yaşamayanların paytaxtda “propiska” əldə etməsi üçün onların azı 94 min dollarlıq əmlak alması tələb olunurdu. Ölkədə ötən il orta əməkhaqqı 166 dollar olub.

“Özbəkistanın hər yerindən adamlar Daşkəndə köçməyə meyllidirlər, çünki paytaxtda daha yaxşı xidmət, daha yaxşı təhsil və infrastruktur, iş imkanları mövcuddur. Di gəl, Daşkəndin “qapalı şəhər” olması iş qabiliyyətində olanları və ali təhsilliləri ölkədən kənara getməyə sövq edir. Son təhlilə görə, Daşkəndə azad şəkildə köçə bilməmək Özbəkistanda iqtisadi artımı azaldır. Bu məhdudiyyətlər olmasaydı, Özbəkistan daha varlı ölkəyə çevrilərdi”, – məqalədə deyilir.

(Azadlıq radiosu)