XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 10:43

Trampın keçmiş vəkili həbs edildi –ABŞ prezidentini çətin günlər gözləyir

Uzun müddət ABŞ prezidenti Donald Trampın şəxsi vəkili olmuş Mixael Koen vergi və bank fırıldağına, habelə seçki kampaniyası maliyyəsi sahəsində pozuntulara dair ittihamlar üzrə təqsirli olduğunu etiraf etdikdən sonra üç il müddətinə həbsxana cəzasına məhkum edilib. Təhlilçilər bildirirlər ki, Koenin məhkum edilməsi bu məsələyə Trampın özünü də qarışdıra bilər.

Mixael Koenin özünü təqsirli bildiyiy ittihamların arasında Trampın Rusiyadakı keçmiş biznes sövdələşmələri barədə Konqresə yalan deməsi, Trampla intim əlaqələri olduğu deyilən qadınlara “susmaq pulunun” ödənməsi də var.

ABŞ sahə hakimi Villiam Pauley dekabrın 12-də Koeni qadınlara pul ödənməsi ittihamı üzrə 36 ay müddətinə azadlıqdan məhrum edib. Qadınlara Trampla münasibətləri barədə susmaları üçün pul ödənməsi seçki kampaniyası qanunlarını pozub. Koen Konqresə yalan danışdığına görə daha iki ay müddətinə azadlıqdan məhrum edilib. Bu cəzaların müddəti eyni vaxtdan hesablanacaq.

Buna baxmayaraq hakim Koenə cəzasını çəkmək məqsədilə könüllü şəkildə gəlməsi üçün martın 6-dək vaxt verib. 52 yaşlı Koen məhkəməyə arvadı, oğlu və qızı ilə gəlmişdi.

ABŞ prokurorları bundan əvvəl demişdilər ki, Koen müstəntiqlərlə tam əməkdaşlıq etməyib və buna görə də ona “əhəmiyyətli” müddətdə həbsxana cəzası verilməlidir.

Prokurorların diqqəti Koenin Trampın biznes təşkilatı üçün işi üzərinə yönəlmişdi.

Qadınlara susmaları üçün pulun 2016-cı ildə verilməsi və bunun Tramp tərəfindən ödənməsinə dair iddialar seçki qanununun pozulması kimi təfsir oluna bilər. Qanunlara görə kampaniya fondundan qadınlara ödənmiş pullar müəyyən bir məbləği aşarsa, bu artıq ağır cinayət əməli hesab oluna bilər.

Koenə qarşı iş Tramp kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqatından qaynaqlanıb. Koen habelə Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran Konqres komitəsinə yalan məlumat verdiyinə görə məhkum edilib.

Konqresdə millət vəkilləri onu Trampın Moskvada otel tikintisi planları ilə bağlı sorğu-sual etmişdilər.

Koen əvvəlcə demişdi ki, Moskvada otelin tikintisinə dair danışıqlar 2016-cı ilin yanvarında başa çatıb. Lakin Mueller-in məhkəməyə tədim etdiyi sənədlərdə bu danışıqların iyun ayında da davam etdiyi göstərilir. Bu isə o deməkdir ki, Trump artıq respublikaçı namizəd olduqdan sonra da biznes fəaliyyətini dayandırmayıb.

Koen bu barədə Senatın Kəşfiyyat Komitəsinə yanlış məlumat verdiyini etiraf edib.

Tramp onun seçki kampaniyası ilə Rusiya hökuməti arasında sövdələşməyə dair iddiaları dəfələrlə rədd edib. Tramp Mulleri onun müşavirlərindən özünə qarşı ifadələr qoparmaq üçün onlara təzyiq göstərməkdə günahlandırıb.

Dekabrın 11-də “Röyter”-ə verdiyi müsahibədə Tramp Konqresin onu impiçment edə biləcəyindən narahat olmadığını deyib: “Heç bir qanunsuz iş görməyən və üstəlik ölkəmizin tarixində ən böyük iqtisadiyyatı yaradan adamı impiçment etmək asan deyil”.

(Azadlıq radiosu)