XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2018 - 17:47

Mayk Pompeo:"İran ballistik raket fəallığını artırıb"

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü BMT Təhlükəsizlik Şurasına bildirib ki, İranın ballistik raket fəaliyyətləri 2015-ci ildə nüvə razılaşmasının imzalanmasından sonra artıb. Pompeo bu fəaliyyətlərin qarşısının alınması üçün daha ciddi məhdudiyyətlərin qoyulmasına çağırıb.

“İran ölkələrin xoş məramından istifadə edib və güclü raket potensialı yaratmağa can ataraq, Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozub. Birləşmiş Ştatlar buna heç vaxt yol verməyəcək” – deyə, Pompeo bildirib.

ABŞ dövlət katibi deyib ki, Təhlükəsizlik Şurasının nüvə sazişinə beynəlxalq qanun status verən 2231 saylı qətnaməsində İranın nüvə başlıqlarının çatdırılması qabiliyyətinə malik olan ballistik raketlərin inkişaf etdirilməsi sahəsində heç bir fəaliyyət göstərməməsinə çağırılır.

“Biz İranı ballistik raketlərlə əlaqədar fəaliyyətlərini dayandırmağa çağıranda biz razılaşırıq ki, o bunu indi etməlidir. Lakin İran dünyanın çağırışlarına əvvəlki kimi razılaşmamaqla cavab verir. İranın raket buraxılması və sınaqdan keçirilməsi də daxil olmaqla raket fəaliyyətlərinin tempi nüvə müqaviləsindən sonra azalmayıb. Əslində İranda raket sınaqları və raketlərin yayılması daha da artıb” – deyə, Pompeo bildirib.

Pompeo həmçinin İranın Yaxın Şərqdə ən böyük ballistik raket gücünə malik olduğunu iddia edib.

İran rəsmilərinə əsasən, bəzi raketlər 2 min kilometrə qədər məsafə qət edə bilər. Pompeonun bildirdiyinə görə, bu, Afina, Sofiya və Buxarest kimi yerlərdə Avropa müttəfiqlərini zərbə altında qoya bilər.

ABŞ dövlət katibi deyib ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının digər 14 üzvü ilə əvvəlki qətnamələrdə nəzərdə tutulduğu kimi İranın ballistik raketlər inkişaf etdirilməsinə dair daha ciddi məhdudiyyətlərin tətbiq edilməsi üzərində işləmək istəyir. Pompeonun nəzərdə tutduğu qətnaməyə əsasən, Tehranın nüvə başlıqları çatdırmaq qabiliyyətinə malik ballistik raketlərin inkişaf etdirilməsi qadağan edilir.

(Amerikanın səsi)