XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2018 - 18:36

ABŞ-da 2,5 min məhkum ölüm hökmünün icrasını gözləyir- Bu hökmün icrası beş üsulla həyata keçirilir

Hazırda ABŞ-da təxminən 2,5 min məhkum barələrində çıxarılmış ölüm hökmünün icrasını gözləyir. Bununla belə, 2018-ci ildə edam olunanların sayında xeyli azalma qeydə alınıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, edam cəzaları ilə bağlı informasiya mərkəzinin apardığı təhqiqatın nəticələrinə əsasən, 2018-ci il son 25 il ərzində ABŞ-da edam edilən insanların sayının 30-dan az olduğu üç ildən biridir. Həmçinin bu il cəmi 42 ölüm hökmü çıxarılıb ki, bu da onların sayının azalması tendensiyanın göstəricisidir. Belə ki, 1990-cı illərdə ABŞ-da hər il təxminən 300 nəfər edam cəzasına məhkum olunurdu. Ən yüksək cəza tədbiri olan ölüm hökmlərinə Florida və Texas ştatlarında daha çox rast gəlinirdi.

Agentlik qeyd edir ki, ABŞ Ali Məhkəməsi 1972-ci ildə “Furman Corciyaya qarşı” məhkəmə işində ölüm hökmünün konstitusiyaya zidd olduğu qənaətinə gəlib. Lakin 1976-cı ildə məhkəmə bu cəza növü ilə bağlı ştatların öz qanunlarını tətbiq etmək hüququnu tanıyıb. Ölüm hökmü indiyədək ABŞ-ın 30 ştatında rəsmi cəza kimi qüvvədə qalıb. Viskonsin, Miçiqan və Men edam cəzasının ləğv edildiyi ilk ştatlar olub. Həmin ştatlarda bu cəza növündən hələ XIX əsrdə imtina edilib.

ABŞ-da ölüm hökmünün icrası ştatların qanunvericiliyindən asılı olaraq beş üsulla – asılma, elektrik stulu, güllələnmə, qaz kamerası və öldürücü inyeksiya vasitəsilə həyata keçirilir.