XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2018 - 14:37

BMT Baş Assambleyası qətnamə qəbul edib- Humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyib

Dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyasının nümayəndələri humanitar təşkilatların təmsilçilərinə qarşı hücumları qətiyyətlə pisləyən qətnamə qəbul edib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, qətnamədə bu hücumların təşkilatçıları və iştirakçılarının gec-tez Beynəlxalq Cinayət Məhkəməsində mühakimə ediləcəyi vurğulanır. Sənəddə, həmçinin qeyd olunur ki, humanitar aksiyalar və sülhməramlı əməliyyatlarda iştirak edən əməkdaşlara qarşı planlanan hücumlar hərbi cinayət hesab olunur və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aiddir.

Qətnamənin müəllifləri qeyd ediblər ki, 2017-ci ildə humanitar aksiyalar və sülhməramlı əməliyyatlarda iştirak edən əməkdaşlara qarşı 158 hücum faktı qeydə alınıb. Bu hücumlarda 139 nəfər həlak olub, 102 əməkdaş yaralanıb və 72 şəxs itkin düşüb. Qurbanların arasında həkimlər də var. Humanitar yüklər daşıyan avtomobil karvanları və humanitar təşkilatların anbarları daha çox hücuma məruz qalırlar.

BMT Baş Assambleyasının nümayəndələri başqalarını xilas etmək üçün həyatını təhlükəyə atan insanlara, həmçinin humanitar yükləri daşıyan avtomobil karvanlarına edilən hücumları qətiyyətlə pisləyib və bütün dövlətlərdən təkidlə tələb ediblər ki, BMT-nin əmlakının toxunulmazlığı və humanitar personalın mühafizəsi üçün bütün zəruri tədbirləri görsünlər.