XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2018 - 15:20

Fransada 70 minə yaxın polis səfərbər olunub- Yeni nümayişlərə görə

Fransa ərazisində “sarı jiletlilər”in mümkün etiraz aksiyaları zamanı asayişin təmin olunması məqsədilə 69 min polis səfərbər edilib. Bu barədə Fransanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Paris küçələrinə yenidən zirehi avtomobillər çıxarılıb, polis isə Zəfər Tağı yaxınlığında mövqe tutub. Yelisey sarayına gedən yollar bağlanıb.

Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına və vergilərin artırılmasına etiraz edən “sarı jiletlər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Parisin mərkəzi küçələrində keçirilən etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında şiddətli toqquşmalarla müşayiət olunub. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, noyabrın ortalarından bəri keçirilən aksiyaların gedişində 6 nəfər həlak olub, saxlanılan nümayişçilərin sayı 4,5 min nəfəri keçib.

Fransa Prezidenti Emmanuel Makron dekabrın 10-da xalqa müraciət edərək 2019-cu ildən minimum aylıq əməkhaqqının 100 avro artıracağını və digər müvafiq tədbirlər görüləcəyini vəd edib. Lakin bu tədbirləri yetərli hesab etməyən “sarı jiletlər” etiraz aksiyalarını davam edəcəklərini bildiriblər.