XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2018 - 16:15

ABŞ Çin məhsullarına verginin artırılmasını təxirə salıb- Martın 2-dək

ABŞ-ın ticarət nümayəndəsinin ofisi 200 milyard dollar həcmində Çin məhsullarına planlaşdırılan vergi artımını martın 2-nə qədər təxirə salıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ofisin məlumatına əsasən, verginin 10 faizdən 25 faizə qaldırılması prosesinin vaxtı dəyişdirilərək yanvarın 1-dən martın 2-nə keçirilib. Müvafiq dəyişiklik ABŞ-ın Federal reyestrinə (Amerika hökumətinin rəsmi sənəd məcmuəsi) daxil edilib. Bu tədbir artıq 25 faizlik verginin tətbiq olunduğu “texnologiya” kateqoriyasına aid deyil.

Xatırladaq ki, Çin də öz növbəsində Amerika istehsalı olan avtomobillərə və onların ehtiyat hissələrinə 25 faizlik əlavə verginin tətbiqini üç ay müddətinə təxirə salıb. Bu qərarın ABŞ Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Si Cinpin arasında əldə olunmuş razılaşmaya əsasən qəbul edildiyi bildirilib. Belə ki, liderlər Argentinada keçirilən G20 sammitində görüşərək 90 gün ərzində yeni gömrük vergisi tətbiq etməmək barədə razılığa gəliblər.

Bu ərəfədə rəsmi Pekin iki ölkə arasında ticarətlə bağlı fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində danışıqların uğurla davam etdiyini və Çinin bundan müsbət nəticələr gözlədiyini bildirib.