Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 3, 9 milyard dollarlıq yardım kreditini təsdiq edib. Siyasi təhlilçilər bunu prezident Petro Poroşenko üçün gələn il keçiriləcək prezident seçkisindən əvvəl “kiçik qələbə” hesab etdiklərini bildirirlər.
BVF-in dekabrın 18-də elan edilmiş qərarına görə bu vəsaitin 1, 4 milyard dollarlıq ilk tranşı artıq dekabrın 25-dək veriləcək. Bundan sonra gələn ilin may və noyabr aylarında daha iki tranş ediləcək.
BVF-in yardımı Ukraynada islahatların ləng həyata keçirilməsi və korrupsiyanın hələ də yüksək qalan səviyyəsi ilə bağlı ötən aprel ayından dondurulmuşdu.
BVF-in qərarı barədə danışan Poroşenko deyib: “dünyanın aparıcı maliyyə təsisatlarından gələn belə qərarlar bizim stabilliyimizi möhkəmlədir və Ukraynanın daxili və xarici çətinliklərlə çarpışmasında onun müqavimətini gücləndirir”.
BVF-in maliyyə yardımı Ukraynaya kreditlər üzrə gələn ilin ödənişlərini etməkdə köməklik göstərəcək. Bu qərar həm də Avropa İttifaqı və başqa xarici donorları da Ukrayanaya yardım göstərməyə ürəkləndirəcək.
Poroşenko 2019-cu il, martın 31-də keçiriləck prezident seçkisindən əvvəl aparılan rəy sorğularına görə digər rəqiblərindən geridə qalır. (azadliq.org)