Pentaqon ABŞ əsgərlərinin Suriyadan çıxarılmasıyla bağlı fərmanın imzalandığını bildirir. Prezident Donald Tramp dekabrın 19-da əsgərlərin Suriyadan tamamilə çıxarılacağını açıqlamışdı.
“Suriyaya dair fərman imzalanıb”, – “Frans Pres” agentliyi ABŞ ordusunun sözçüsünü istinadla dekabrın 23-də axşam bildirib.
CNN müdafiə rəsmisinin fərmanın imzalandığını təsdiqlədiyini xəbərləyib. Telekanalın başqa bir rəsmiyə istinadla verdiyi xəbərə görə, müdafiə naziri Ceyms Mattis sənədi imzalayıb.
Tramp dekabrın 19-da Twitter-də paylaşdığı videoda elan edib ki, Suriyada İslam Dövləti terror qruplaşması üzərində qələbə çalmışıq. O, ABŞ-ın qüvvələrinin hamısının vətənə qaytarılacağını elan edib.
Respublikaçı və demokrat konqresmenlər, keçmiş hökumət liderləri, beynəlxalq müttəfiqlər Trampın qərarını tənqid edib, ABŞ qüvvələrinin Suriyadan çıxarılmasını “tələsik” adlandırıb.
ABŞ hərbçiləri 2015-ci ildən Suriyadan İslam Dövləti (İŞİD) terror qrupuyla savaşan ərəb və kürd döyüşçüləri dəstəkləyir. Opponentlərin fikrincə, ABŞ-ın Suriyadan çıxması kürd qüvvələrinə xəyanət deməkdir, onlar Türkiyə qüvvələrinin insafına buraxılmış olurlar. Ankara kürd döyüşçüləri Türkiyədəki kürd üsyançılarla əlaqələrdə ittiham edir.
Tənqidçilər onu da deyirlər ki, ABŞ-ın qüvvələrini çıxarması Suriyada İranla Rusiyanın qələbə çalmasına səbəb olar.
Fransa prezidenti Emmanuel Makron dekabrın 23-də deyib ki, Trampın qərarından dərindən təəssüflənir. “Müttəfiq etibarlı olmalıdır”, – o, sözlərinə əlavə edib.
Trampın ətrafındakılardan bəziləri açıq şəkildə onu qərarından döndərməyə çalışıblar.
Tramp planlarını açıqlayandan sonra Mattis prezidentin xarici siyasətinə etiraz olaraq istefasını elan edib. İŞİD-ə qarşı qlobal koalisiyada Birləşmiş Ştatların əsas elçisi Brett Makruk da istefasını açıqlayıb.
2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Rusiya və İran bu müharibədə Prezident Bəşər Əsəd dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə müxtəlif üsyançı qrupların arxasında durur.
Bu müharibədə bütün tərəflər İŞİD-ə qarşıdır. 2014-cü ildə Suriyada, qonşu İraqda böyük əraziləri tutaraq İslam “xilafəti” elan edən İŞİD tutduğu yerlərdən əsasən çıxarılıb.
(Azadlıq radiosu)