XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

20 Fevral 2016 - 15:19

Prezident:"Neftin qiyməti 200 dollaradək bahalaşa bilər"

 

Ekvador

Ekvadorun lideri Rusiya və OPEC-ə üzv ölkələr arasında neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı danışıqları şərh edib və öz proqnozunu səsləndirib.

Azertag.az xəbər verir ki, Rafael Korrea orta vədəli perspektivdə qara qızılın barrelinin qiymətinin 200 dollaradək qalxacağını deyib:

“Neft sektorunun üzləşdiyi investisiya qıtlığı, yanacağın ucuzlaşması nəticəsində ABŞ-da rentabelliyini itirən qazma quyularının fəaliyyətinin dayanması və başqa səbəblər orta vədəli perspektivdə neftin qiymətinin 200 dollara qədər bahalaşmasına gətirib çıxaracaq”.

Ekvador prezidenti OPEC-ə üzv ölkələrin hasilata dair bütün məhdudiyyətlərin müzakirəsindən qaçmasını siyasi motivlərlə izah edib. Korreanın fikrincə, karbohidratların qeyri-real qiymətləri İran, Rusiya və çox güman ki, Venesuelaya qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilər. OPEC-in əsas ixracatçısı olan Səudiyyə Ərəbistanında gəlirlərin azalması bu ölkədə maliyyə böhranına gətirib çıxardıqdan sonra vəziyyət dəyişəcək.

Xatırladaq ki, hazırda dünyada neft hasilatının dondurulmasının mümkünlüyü barədə danışıqlar gedir.

Fevralın 16-da Dohada Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın neft nazirləri, həmçinin Rusiyanın energetika naziri qiymətlərin dəyişməsinə səbəb olacaq tədbirləri müzakirə ediblər.

Fevralın 17-də isə Tehranda İran, Venesuela, Qətər və İraqın neft nazirləri bu məsələ ətrafında danışıqlar aparıblar. İranlı nazir neft qiymətlərinə təsir edəcək istənilən təşəbbüsü dəstəkləyəcəklərini bildirib, habelə ölkəsi üçün sanksiyalar ucbatından illər ərzində bazarda itirilən payı qaytarmağın vacib olduğunu vurğulayıb.