XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2018 - 09:38

ABŞ məhkəməsi tələbənin ölümünə görə Şimali Koreyaya təzminat kəsdi –Pxenyan 501 milyon dollar ödəməlidir

Vaşinqton məhkəməsi 2017-ci ilin iyununda Şimali Koreyada həbsxanadan azad edildikdən az sonra ABŞ-da vəfat etmiş kollec tələbəsi Otto Varmbierin ailəsinə dəymiş ziyanın qarşılanması üçün Pxenyana 501 milyon dollar məbləğində cərimə kəsib.

Dekabrın 24-də verilmiş bu hökm simvolik xarakter daşıyır, çünki Şimali Koreyanın belə cərimələri ödəməsinin mexanizmi yoxdur. Lakin bu məhkəmə hökmü iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa can atan prezident Donald Trampın səylərinə ciddi əngəl ola bilər.

Varmbier ailəsi onlara dəyən maddi ziyana görə 1, 05 milyon dollar, mənəvi iztirablara görə isə 46 milyon dolların ödənməsini istəmişdi.

Varmbier Şimali Koreyada 2016-cı ildə oraya qrup tərkibində səyahət edərkən həbs olunmuşdu. 2016-cı ilin martında Şimali Koreya məhkəməsi onu 15 il müddətinə katorqa şəraitli həbsxana cəzasına məhkum etmişdi.

O qaldığı oteldə təbliğat lövhəciklərindən birini oğurlamaqda ittiham olunmuşdu. Keçmiş tələbə Birləşmiş Ştatlara komatoz vəziyyətdə gətirilmiş, 2017-ci ilin iyununda özünə gəlmədən vəfat etmişdi.

Varmbier ailəsinin məhkəməyə təqdim etdiyi ərizədə övladlarının həbsxanada ikən məruz qoyulduğu məşəqqətlərdən söz açılırdı. Birləşmiş Ştatlara qaytarılarkən o artıq kar və kor olmuşdu. Məhkəmə ekspertləri bunun onun məruz qaldığı elektroşok işgəncələrinin nəticəsi olduğu qərarına gəlmişdilər.

Varmbier ailəsi məhkəmə qərarından sonra bildirib ki, məhkəmə onların 22 yaşlı övladının ölümünə görə Şimali Koreya lideri Kim Çen Inı “mənəvi və hüquqi” baxımdan məsul tanıyıb.

Şimali Koreya bu məhkəmə qərarı ilə bağlı heç bir reaksiya verməyib. Pxenyan bundan Varmbierin qidalanmadan zəhərləndiyinə və yuxu dərmanları qəbul etdiyinə görə xəstələndiyini bildirirdi.

Bu məhkəmə qərarı Birləşmiş Ştatlarla Şimali Koreya arasında Pxenyanın nüvə və raket proqramlarının ləğvi üçün çətin danışıqların davam etdiyi bir vaxta təsadüf edir.

(Azadlıq radiosu)