XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 10:00

Ərdoğan Ali Müdafiə Şurasını toplayır –ABŞ-dan "Patriot" raketlərinin alınması müzakirə olunacaq

“Bloomberg” agentliyi Ankara rəsmilərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-dan “Patriot” raketlərinin alınması təklifini müzakirə etmək məqsədilə ölkənin Ali Müdafiə Şurasının iclasını çağırmağı planlaşdırır.

Adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər ki, Müdafiə Sənayeləri Sədarətinin ilkin müzakirələri az sonra başlanacaq. Türkiyə prezidentinin aparatı belə bir iclasın keçiriləcəyini təsdiq etsə də, həmin tədbirin gündəliyi barədə əlavə məlumat verməyib.

“Bloomberg” yazır ki, ilkin mərhələdə Amerika raket sistemlərinin tezliklə qiymətləndiriləcəyi gözlənilməsə də, belə bir müzakirənin keçirilməsi planları Ankara və Vaşinqton arasında yaxınlaşmanı nümayiş etdirir. Buna qədər ABŞ və Türkiyə arasında bir neçə məsələlərə dair ciddi ixtilaflar mövcud idi.

“Bloomberg” qeyd edir ki, ABŞ prezidenti Donald Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağını elan etməsi Ankara-Vaşinqton münasibətlərindəki yaxınlaşmaya müsbət təkan verib. Suriyadakı ABŞ qoşunları oradakı kürd qüvvələrini dəstəkləyirdi. Türkiyə kürdlərin özünümüdafiə YPG qüvvələrini separatçı PKK təşkilatının bir qolu hesab edir.

Bu arada Türkiyə prezidentinin sözçüsü Ibrahim Kalın deyib ki, “Patriot” raket sistemlərinin alınması Rusiyadan “S-400” raketdən müdafiə sistemlərinin alınması planlarını dəyişməyəcək.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə Kalın deyib: ““S-400” barəsində məsələ həll olunub. Bu sistemin ilk dəsti Türkiyəyə 2019-cu ilin sentyabrında gətiriləcək. Patriot təklifi heç nəyi dəyişmir, çünki biz bu sistemləri bir-birinə alternativ saymırıq. Biz hər iki sistemi ala bilərik”.

(Azadlıq radiosu)