XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 13:15

Gələn il Trampı nələr gözləyir? –Prezidentin impiçmenti mümkündür, amma...

“Reuters” agentliyi gələn il ABŞ siyasətində hansı məqamların diqqət mərkəzində olacağından yazıb. Müəllif Linkoln Mitçel prezident Donald Trampın impiçmentini mümkün sayır, ancaq vəzifədən kənarlaşdırılmasının real görünmədiyini bildirir. ABŞ Konstitusiyasına görə, Nümayəndələr Palatası sadə səs çoxluğuyla prezidenti impiç edə bilərlər. Yeni ildən demokratlar Palataya nəzarəti ələ alır, deməli, impiçment ssenarisi real görünür.

“Di gəl, Palatanın impiçmenti məhkumluq, yaxud vəzifədən kənarlaşdırma ilə sonuclanmır. Məsələ Senatda müzakirəyə çıxarılır və prezidenti vəzifədən uzaqlaşdırmaqdan ötrü üçdə iki səs çoxluğu gərəkir. Trampı məhkum etməyə 20 respublikaçı senator və demokrat senatorların hamısı səs verməlidir. Ancaq Senatda respublikaçıların Trampa dəstəyi güclüdür. “Respublikaçı senatorların üçdə birindən artığını Trampın əleyhinə səs verməyə sövq etməkdən ötrü xüsusi prokuror Robert Müllerin nəsə tapacağı inandırıcı deyil”, – müəllif yazır.

Müller Trampın seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyini araşdırır.

Demokratların Palatada çoxluq təşkil etməsinə baxmayaraq, onların hansısa əhəmiyyətli qanunvericilik qəbul edəcəyi gözlənilmir, çünki respublikaçılar hələ də Senata nəzarət edirlər və Tramp da respublikaçıdır.

2016-cı il prezident seçkisində Hillari Klintonun məğlubiyyətindən sonra 2020-ci ildə namizəd ola biləcək demokratların siyahısı genişlənir. Siyahıda əvvəlki kampaniyaların veteranları olan Con Kerri, Co Bayden, Berni Sanders, həmçinin Hillari Klintonun da adları çəkilir. Müəllif yazır ki, hətta prezidentliyə namizəd olmağı planlaşdırmayan tanınmış demokratların siyahısını hazırlamaq daha asan görünür. Gələn il yəqin, siyahı daralacaq.

Respublikaçılar partiyası üçün gələn ilin prezident siyasəti fərqli görünür. Tramp ətrafındakı qalmaqallar onu 2020-ci il üçün daha az cəlbedici namizəd edir.

(Azadlıq radiosu)