XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2019 - 14:38

Tramp ölkədə fövqəladə vəziyyət elan edəcək- Meksika ilə sərhəddə divar tikilməsi üçün

Prezident Donald Tramp yanvarın 4-də mətbuat konfransında bildirib ki, Meksika ilə sərhəddə divar tikilməsi üçün ölkədə rəsmən fövqəladə vəziyyət elan edə bilər, lakin əvvəlcə Konqres ilə razılığa gəlmək istəyir. Bu məqsədlə o, Konqresdəki demokratların liderləri ilə görüşüb, qarşılıqlı faydalı razılığa gəlməyi təklif edib.

Məlum olduğu kimi, ABŞ-ın Meksika ilə sərhədində divar tikintisinin maliyyələşdirilməsi məsələsində demokratlarla prezident arasında fikir ayrılığı üzündən qismən “şatdaun” vəziyyəti yaranıb: artıq 14 gündür ki, ölkə hökumətinin və dövlət müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb. Prezident deyib ki, bu divarın ucaldılması üçün vəsait (5,5 milyard dollar) ayrılması nəzərdə tutulmayan hər hansı qanun layihəsi üzərinə veto qoymağa hazırdır. Tramp daha sonra bildirib ki, hökumətin fəaliyyətinin qismən dayandırılması aylarla davam edə bilər.

Yeni tərkibdə işə başlamış və indi Demokratlar Partiyası tərəfindən nəzarət edilən ABŞ Nümayəndələr Palatası Trampın bu cür təhdidlərinə baxmayaraq yanvarın 4-də axşam ABŞ federal hökumətinin maliyyələşdirilməsinin uzadılması barədə sənədi təsdiq edib. Qəbul edilmiş büdcəyə Meksika ilə sərhəddə divar tikintisi üçün vəsait daxil edilməyib, lakin sərhədlərin ümumi təhlükəsizliyinin təmin edilməsi üçün cəmi 1,3 milyard dollar və bundan əlavə, sərhədyanı ərazidə videokameralar quraşdırılması qəbilindən olan ehtiyaclar üçün daha 300 milyon dollar ayrılıb.