XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 12:04

Yaponiyanın baş naziri:“Rusiya ilə sülh müqaviləsi ABŞ üçün də faydalıdır”

“Yaponiyanın Rusiya ilə sülh müqaviləsi imzalaması Asiya-Sakit okean regionunda təhlükəsizliyə müsbət təsir göstərməklə yanaşı, Tokionun təhlükəsizliklə bağlı müqaviləyə malik olduğu ABŞ üçün də faydalı ola bilər”.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bunu yanvarın 6-da NHK telekanalının efirində bəyan edib.

“Yaponiya ilə ABŞ arasında təhlükəsizlik barədə müqavilə Yaponiyanın beynəlxalq təhlükəsizliyi üçün əsas zəmanət rolunu oynayır. Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması isə regional sabitliyə müsbət təsir göstərə bilər. Fikrimcə, bu, ABŞ üçün də müsbət hal olar”, – deyə Baş nazir bildirib.

Yaponiya hökumətinin başçısı, həmçinin qeyd edib ki, yanvarın ikinci yarısında o, Rusiyaya səfər edəcək.

Xatırladaq ki, ötən il noyabrın 14-də Sinqapurda keçirilən görüşdə Şinzo Abe və Vladimir Putin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqların 1956-cı il oktyabrın 19-da imzalanmış Birgə Bəyannamə əsasında sürətləndirilməsi barədə razılığa gəliblər.