XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 10:03

Trampın oğlu ilə sövdələşən rusiyalı vəkilə qarşı yeni ittihamlar –Vergi fırıldağı

2016-cı ildə ABŞ prezidenti Donald Trampın seçki kampaniyası rəsmiləri ilə görüşü sövdələşmə barədə iddiaların yaranmasına səbəb olmuş rusiyalı vəkilə qarşı Nyu Yorkda baxılan başqa bir işlə bağlı “ədalətə maneçilik törətmək” ittihamı irəli sürülüb.

Yanvarın 8-də açıqlanmış ittihamnamədə deyilir ki, Natalya Veselnitskaya vergi iadəsi fırıldağı ilə bağlı mülki məhkəmə işində hakimə yanlış ifadələr verib.

ABŞ İmmiqrasiya və Gömrük Xidməti Daxili Təhlükəsizlik Təhqiqatları bölümünün Nyu York ofisinin rəhbəri Angel M. Melendez deyib ki, “Veselnitskaya ABŞ müstəntiqlərinə bilərəkdən yanlış məlumatlar verməsi ilə bağlı bundan sonra Birləşmiş Ştatlarda axtarışda olan şəxs hesab edilir”.

Veselnitskaya məhkəmə işində Rusiyanın nəzarətində olan və 2017-ci ildə ABŞ hakimiyyət orqanları tərəfindən 230 milyon dollarlıq vergi fırıldağında ittiham edilən, habelə sonradan bu işin məhkəmədən kənar həlli üçün 6 milyon dollar cərimə ödəməyə razılaşan “Prevezon Holdings Ltd” daşınmaz əmlak firmasını təmsil edib.

Prezident Tramp 2016-cı ilin iyununda böyük oğlu Donald Tramp və kürəkləni Jared Kuşnerin “Trump Tower” otelində, aralarında Veselnitskaya da olan bir qrup rusiyalı ilə görüşü barədə məlumatsız olduğunu iddia edib.

Oğul Donald Tramp etiraf edib ki, bu görüşə Trampın seçki rəqibi Hillari Klintonu gözdən salacaq informasiya vəd olunduğuna görə razılıq verib. Veselnitskaya Rusiya hökumətinin adından fəaliyyət göstərdiyini inkar edir.

Veselnitskayanın Rusiyada yaşadığı düşünülür.

(Azadlıq radiosu)