XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 09:44

Putin Merkellə Suriyanı müzakirə edib –Rusiya və Almaniya arasında razılaşmanın detalları açıqlandı

Kremlin yaydığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel telefon söhbəti zamanı Suriyada sülhün əldə olunması istiqamətində səylərini koordinasiya etmək barədə razılığa gəliblər.

Kremlin yanvarın 9-da yaydığı bəyanatda deyilir ki, iki liderin söhbətində Suriyadakı böhranın uzunmüddətli həlli üçün siyasi prosesləri BMT ilə əlaqədə irəlilətmək istəyi ifadə olunub.

Bu da xəbər verilir ki, Merkel və Putin Suriya üçün konstitusiya komitəsinin formalaşdırılması məsələsini də müzakirə ediblər. Bu komitə Suriyanın yeni konstitusiyasının tərtibi ilə məşğul olmalıdır. İki lider oktyabr ayında İstanbulda Rusiya, Almaniya, Türkiyə və Fransa arasında keçirilmiş sammitin nəticələrindən irəli gələn məsələləri də müzakirə ediblər.

Putin və Merkel arasında telefon söhbəti Birləşmiş Ştatların Suriyadakı qoşunlarını oradan çıxarmaq niyyətini bildirməsi ilə bağlı çaşqınlığın yarandığı bir zamana təsadüf edib.

Suriyadakı ABŞ qoşunları həm İslam Dövləti ekstremist qruplaşmasına qarşı döyüşən kürd qüvvələrini, həm də anti-Əsəd qiyamçıları dəstəkləyir.

ABŞ prezidenti Donald Tramp dekabrın 19-da elan edib ki, İD üzərində tarixi qələbədən sonra bütün ABŞ əsgərləri vətənə qaytarılır.

Trampın bu bəyanatı ABŞ millət vəkillərini və Vaşinqtonun beynəlxalq müttəfiqlərini şoka salmışdı. Onlar deyirdilər ki, ABŞ qoşunlarının Suriyadan vaxtından əvvəl çıxarılması Rusiya və İrana sərf edir, habelə ABŞ-ın müttəfiqi sayılan kürd qüvvələrinin taleyini Türkiyənin ixtiyarına buraxır.

Bu tənqidlərdən sonra, yanvarın 6-da Trampın milli təhlükəsizlik müşaviri Con Bolton bəyan edib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün şərt Türkiyənin Suriyadakı kürdlərin təhlükəsizliyinə təminat verməsidir.

Yanvarın 9-da İraqa əvvəlcədən elan edilməmiş səfəri zamanı dövlət katibi Mayk Pompeo Suriyadakı kürdləri əmin etməyə çalışıb ki, ABŞ qoşunları Suriyadan çıxarıldıqdan sonra da onların təhlükəsizliyi təmin ediləcək.

Suriyadakı kürd qüvvələrini separatçı PKK-nın bir qolu hesab edən Türkiyə isə bildirib ki, Suriyadakı 2000 ABŞ əsgəri oradan çıxarıldıqdan sonra şimali Suriyanı kürd döyüşçülərdən təmizləyəcək.

(Azadlıq radiosu)