XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2019 - 09:38

Yaxın Şərq konfransına İran cağırılmadı, Rusiya isə imtina etdi –Avropa İttifaqı da Varşava sammitini boykot edir

Gələn ay Varşavada keçiriləcək Yaxın Şərq konfransına İran dəvət edilməyib, Rusiya isə dəvətdən imtina edib.

Strateq.az Azadlıq Radiosuna istinadla bildirir ki, bu barədə məlumatı Polşanın xarici işlər naziri verib.

Cek Caputoviç yanvarın 21-də yayınlanmış qeydlərində bildirib ki, İranın iştirakı danışıqları əngəlləyə bilərdi və Tehranın istifadə etdiyi ritorikanın qəbulu müşküldür.

Onu sözlərinə görə Rusiya isə fevralın 13-14-də Polşa və Birləşmiş Ştatların ev sahibliyi ilə keçiriləcək tədbirə qatılmağının məsləhət olmadığını bildirib.

Bu danışıqlar İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış sazişin ətrafında yaranmış məchulluğun aradan qaldırılmasına kömək etməlidir.

Prezident Donald Tramp 2018-ci ilin mayında ABŞ-ın 2015-ci ilin nüvə sazişindən çıxdığını və Tehranın üzərinə Amerika sanksiyalarının bərpa olunduğunu bəyan etmişdi.

Avropa İttifaqı xarici işlər komissarı Federika Mogerini ABŞ-ın Yaxın Şərqdə sabitlik, sülh, azadlıq və regional təhlükəsizliyə həsr ediləcəyini bildirdiyi bu tədbirə qatılmayacağını deyib.

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, bu görüşdə habelə İranın sabitsizləşdirici təsirinin aradan qaldırılması yolları da müzakirə olunacaq.

İran bu konfransın keçirilməsini özünə qarşı “düşmənçilik aktı” kimi qiymətləndirib və Polşaya qarşı təfsilatı açıqlanmayan “əks-hərəkət” edəcəyi ilə hədələyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu konfransı “aciz anti-İran sirki” adlandırıb.

İran mediası xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Makey Lan sözügedən konfransı iranlı həmkarı Abbas Araqçı ilə müzakirə etmək üçün yanvarın 21-də Tehrana səfər edib.

İran mediasının yazdığına görə, Araqçı Lana deyib ki, Polşa hökuməti Amerika hökumətinin bu konfransdan güddüyü əsl məqsədlərini dərk etməli və bunun nəticələrindən narahat olmalıdır. O, habelə bəyan edib ki, İran regionda və ya onun xaricində olan hər hansı ölkənin onun maraqlarına qarşı koalisiya yaratmasına yol verməyəcək.