XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 09:09

Ukrayna seçkiləri: Timoşenkonun rəqibi kim olacaq? –Təhlil

Şahin Cəfərli,

politoloq

Yuliya Timoşenko Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü. Daha əvvəl iki dəfə prezident seçkilərində iştirak edərək məğlub olan xanım Timoşenko bu dəfə qələbəyə yaxın görünür. O, hazırda ən reytinqli namizəddir.

“Batkivşina” (Vətən) Partiyasının bu gün keçirilən qurultayına canlı bağlanan Mixail Saakaşvili, eləcə də tədbirdə iştirak edən Ukraynanın ilk prezidenti Leonid Kravçuk Timoşenkoya dəstək veriblər.

Seçkinin taleyi 99% ehtimalla ikinci turda həll olunacaq. Hələlik 2-ci turda Timoşenkonun rəqibinin kim ola biləcəyi aydın deyil, bunun üçün 5-6 namizədin arasında gərgin mübarizə gedəcək. Prezident Poroşenko hələ namizədliyini açıqlamasa da, boş dayanmır və 2-ci tur üçün pərdə arxasında ciddi iş aparır. Digər şanslılar Yuri Boyko, Anatoli Qritsenko, Andrey Sadovıy, Oleq Lyaşko və Vladimir Zelenski sayılır.

Şoumen Zelenski namizədliyini elan etdikdən dərhal sonra Ukrayna siyasəti üçün adi hal olan kompromat savaşına tuş gəldi. Məlum oldu ki, onun Rusiyada film şirkəti var və bu şirkət Rusiya Mədəniyyət Nazirliyindən maliyyə alıb. Bu qalmaqal hələ təbliğat-təşviqat kampaniyası başlamadan diletant siyasətçinin mövqelərini sarsıtdı və o, kampaniyaya neqativ yüklə başlamalı olacaq.

Rusiyaya nisbətən loyal yanaşan cənub-şərq regionlarının seçicilərinə xitab edən Y.Boyko keçmiş Regionlar Partiyasının yerində yaradılan “Müxalifətçi blok”un liderlərindən biri idi, lakin bu partiya ötən ilin sonlarında parçalandı. Burada prezident texnoloqlarının rolu olmamış deyil, çünki Poroşenko bu siyasi qüvvənin monolit şəkildə seçkilərə getməsində maraqlı deyildi. Nəticədə “Boyko-Levoçkin qrupu” adlandırılan qanad (Levoçkin Yanukoviçin dövründə prezident administrasiyasının rəhbəri olub) ayrılaraq iş adamı Vadim Rabinoviçin “Həyat uğrunda” siyasi proyekti ilə birləşdi. “Müxalifətçi blok”un oliqarx Rinat Axmetova yaxın hissəsi isə öz namizədi ilə (Aleksandr Vilkul) seçkiyə qoşuldu. İndi Boyko-Levoçkin qrupu Axmetov qanadını ittiham edir ki, siz Poroşenko ilə anlaşaraq cənub-şərq vilayətlərində bizim səsimizi parçalamaq niyyəti ilə seçkiyə qatılmısız.

Timoşenkoya sərf edir ki, ikinci tura məhz Boyko keçsin. Çünki bu halda Timoşenkonun böyük fərqlə qazanacağı şübhəsizdir, Rusiyaya yaxın siyasətçi kimi tanınan Boykonun Kiyevdə, qərb və mərkəzi regionlarda səs alması mümkün deyil. İkinci tura qərbyönlü-millətçi düşərgənin nümayəndələrindən birinin keçməsi isə Timoşenkonun vəziyyətini çətinləşdirəcək, çünki o, həm də ən yüksək anti-reytinqə malikdir.

Bugünə olan məlumata görə, prezidentliyə 13 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin sayı 20-yə çata bilər. Qeydiyyat fevralın 8-də başa çatır. Namizədlərin çoxluğu həm də payızda keçiriləcək və prezident seçkilərindən heç də az əhəmiyyət daşımayan parlament seçkiləri ilə əlaqədardır.