XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 10:36

Rusiya muzdluların Sudanda olduğunu təsdiqlədi –Qərb mətbuatı Kremlin bu ölkədə müxalifəti əzməyə yardım etdiyini yazır

Rusiyanın Xarici İşlər Nazirliyi Sudan ordusuna özəl Rusiya şirkətlərinin təlim keçdiyini bildirir. Beləliklə, Moskva müxalifət qüvvələrinin kütləvi nümayişlər keçirdiyi bu Afrika ölkəsində mövcudluğunu təsdiqləyib.

Nazirliyin sözçüsü Maria Zaxarova yanvarın 23-də deyib ki, “bizdə olan məlumata görə, Rusiyanın dövlət qurumları ilə əlaqəsi olmayan özəl təhlükəsizlik şirkətləri Sudanda çalışır”.

Britaniya mətbuatı bu günlərdə iddia etmişdi ki, Rusiya muzdluları Sudan hakimiyyətinin etirazçıları əzməsinə kömək edir. Amma Zaxarova mətbuatın yazdıqlarını təkzib edib, deyib ki, özəl təhlükəsizlik firmalarının işi Sudan Respublikasının ordusuna və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təlim keçməkdən ibarətdir.

Sudan Moskvanın yaxın müttəfiqidir.

Sudanda dekabrın 19-dan gündəlik etirazlar keçirilir. İlkin olaraq yanacağın və istehlak mallarının qıtlığına etiraz edənlər indi Prezident Omar əl-Bəşirin 30 illik hakimiyyətinə son qoymağa çağırırlar.

Britaniyanın “Guardian” qəzeti yanvarın 23-də yazıb ki, Bəşir hökuməti etirazları işıqlandıran jurnalistlərə divan tutur, beş jurnalist saxlanıb, onlarla digərləri saxlanıb, sonradan buraxılıb.

Bəşir 1989-cu ildə dövlət çevrilişi ilə hakimiyyətə gəlib.

“Reuters” agentliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin statistikasına istinadla yazır ki, 2017-ci ilin sonunda Sudana gedən Rusiya vətəndaşlarının sayında kəskin artım müşahidə olunub.

Həmin ilin son üç ayı ərzində Sudana 200-dək rusiyalının getdiyi bildirilir.

Sudanın neft naziri Azhari Əbdül Qadir yanvarın 23-də deyib ki, ölkə Birləşmiş Ərəb Əmirliklərindən iqtisadi yardım alıb, Rusiya və Türkiyə isə ona yardım təklif edib. O, 41 milyon əhalisi olan ölkənin Rusiya və Türkiyədən yardım təkliflərini qəbul edib-etməyəciyini deməyib.

İndiyədək Rusiya muzdlularının digər ölkələrdə, məsələn, Suriyada da fəaliyyət göstərməsi barədə məlumatlar yayılıb. Onların Suriya Prezidenti Bəşər Əsədə dəstək verdiyi vurğulanır. İnsan haqları qrupları onlarla muzdlunun ABŞ qüvvələri ilə toqquşmalarda öldürüldüyünü bildirir.

(Azadlıq Radiosu)