XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 18:50

Venesuelada siyasi böhran necə başladı?- TARİXİ ARAYIŞ

Şahin CƏFƏRLİ,

politoloq

 

Dünəndən bəri tez-tez suallar verilir ki, Venesuelada parlament müxalifətin nəzarətindədirsə, sədr də müxalifətçidirsə, onda niyə avtoritarizmdən, diktaturadan danışılır? Məntiqli sualdır.

Venesuela yaxın illərə qədər demokratik ölkə idi, ən azı seçkilər normal keçirilirdi. (Ümumiyyətlə, bütün Latın Amerikasında parlamentarizm ilk dəfə, 1811-ci ildə məhz Venesuelada təşəkkül tapıb.) Nikolas Maduro özünün ilk seçkisində, 2013-cü ildə 50,7% səslə qalib gəlib.

İndiki parlament – Milli Assambleya 2015-ci ilin dekabr seçkilərində formalaşıb və müxalifət bloku (“Demokratik birliyin dəyirmi masası”) 164 yerdən 109-nu əldə edib. Maduro parlamentin qəbul etdiyi qanunları yerinə yetirməkdən imtina edib, hansı ki, bu, açıq Konstitusiya pozuntusu idi. Nəticədə ölkədə siyasi böhran və ikitirəlik başlayıb.

Neftin qiyməti aşağı düşdükdən sonra ölkə ağır iqtisadi böhran girdabına yuvarlanıb və xalq arasında dəstəyini itirən Maduro avtoritar rejim qurmağa başlayıb. Parlament 2016-cı ilin oktyabrına Maduroya etimad referendumu təyin edib, lakin hökumətə bağlı olan seçki qurumu referendumu təşkil etməyib. 2017-ci ilin yanvarında parlament Maduronu impiçment edib, prezidentə yaxın Ali Məhkəmə isə bu qərarı qanunsuz sayıb.

Maduro 2017-ci ilin mayında Konstitusiya Assambleyası (KA) adlı yeni orqan təsis edib və iyunda bu quruma seçki keçirib. Milli Assambleya (MA) bu orqanı anti-konstitusion sayıb və müxalifət partiyaları seçkiləri boykot ediblər. Nəticədə KA-ya yalnız Maduronu dəstəkləyən partiyaların nümayəndələri seçilib, daha doğrusu, təyin olunub. Qərb dövlətləri və əksər Latın Amerikası ölkələri KA-nı tanımayıb. KA 2017-ci ilin avqustunda MA-nı buraxıb və parlamentin funksiyalarını öz üzərinə götürüb. Təbii ki, MA bu qərarı rədd edib və indiyə kimi fəaliyyətini davam etdirir.

Maduro 2018-ci ilin mayında prezident seçkisi keçirib. Əsas müxalif qüvvələr seçkini boykot edib və Maduro 67,8% səslə qalib elan olunub. MA və onu dəstəkləyən dünya ölkələri seçkini tanımayıblar.

Nüfuzunun pik vaxtında və ölkədə vəziyyətin nisbətən yaxşı olduğu dövrdə 50%-dən bir qədər artıq səs alan Maduronun ölkə aclıq və səfalətə sürükləndikdən sonra böyük xalq dəstəyi ilə seçilməsi, yəqin ki, heç kimə inandırıcı görünmür.

Maduro bu il yanvarın 10-da and içərək ikinci prezidentlik müddətinə başladlğını elan edib. MA isə onun səlahiyyət müddətini bitmiş sayıb və səlahiyyətlərin öz sədrinə keçdiyini elan edərək yeni seçkilərin keçirilməsini zəruri sayıb.

Venesuelada yaşananların qısa tarixçəsi belədir.