XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

26 Yanvar 2019 - 11:22

BMT-nin xüsusi məruzəçisi Türkiyəyə gedəcək- Camal Xaşuqci cinayətini araşdırmaq üçün

Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmədən kənar edam cəzaları məsələləri üzrə xüsusi məruzəçisi Aqnesa Kallamar Səudiyyə Ərəbistanının jurnalisti Camal Xaşuqci qətli ilə bağlı cinayəti araşdırmaq üçün yanvarın 28-də Türkiyəyə gedəcək. Onunla birlikdə Böyük Britaniya və Portuqaliyadan olan iki hüquqşünas da İstanbula səfər edəcək.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu beynəlxalq təhqiqat Kallamarın təşəbbüsü ilə BMT-nin xüsusi məruzəçisinin mandatına uyğun olaraq aparılacaq. Böyük Britaniyalı hüquqşünas, baronessa Helena Kennedi və Portuqaliyanın Koimbr Universitetinin professoru Duarte Nuno Vieyra da təhqiqatda iştirak edəcəklər.

BMT-nin məlumatında deyilir ki, onlar jurnalistin qətli ilə bağlı geniş araşdırma aparacaq və hökumətlərin bu cinayətin açılması ilə bağlı atdığı addımları, həmçinin dövlətlərin və ya ayrı-ayrı şəxslərin bu qətldə əli olub olmamasını təhlil edəcəklər.

BMT-nin xüsusi məruzəçisi öz həmkarları ilə birlikdə dövlətlərin insan həyatının qorunması və cəzasızlığa qarşı mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməsi vəziyyətini də təhlil edəcək. Təhqiqatın nəticələrinə dair hesabat 2019-cu ilin iyununda keçiriləcək insan hüquqları üzrə BMT-nin Şurasının iclasına təqdim olunacaq.