Amerikalıların əksəriyyəti Prezident Donald Trampın ABŞ xarici siyasətini necə idarə etməsindən narazıdır. Təxminən yarısı isə gələn il ölkənin qlobal mövqeyinin pisləşəcəyini düşünür. Bunu “Associated Press” – NORC İctimai Siyasət Araşdırmaları Mərkəzinin keçirdiyi yeni sorğu üzə çıxarıb.
Sorğu ictimaiyyətin prezidentin Suriyadan və ola bilsin, Əfqanıstandan ABŞ əsgərlərini çıxarmaq planlarıyla bağlı fərqli fikirlərini də ortaya qoyub.
Ümumilikdə rəyi soruşulanların 35 faizi prezidentin apardığı xarici siyasəti bəyənir, 63 faizi bəyənmir. Burada partiya mövqeyi də özünü göstərir. Respublikaçıların 76, demokratların isə cəmi 8 faizi prezidentin siyasətindən razıdır.
“Məncə, Rusiya yaxud Şimali Koreyayla istənilən vaxt dostlaşma pis bir işdir”, – Kolumbiyadan 30 yaşlı müəllim Samanta Flovers deyib.
“Onun qonşu ölkələr, özəlliklə Meksikayla münasibətini bəyənmirəm. Bunun ümumilikdə Amerika dəyərlərinə qarşı olduğunu düşünürəm. Axı, biz rəhmli, dostyana ölkə olmuşuq”, – o, sözlərinə əlavə edib.
Yuta ştatından 65 yaşlı yük maşını sürücüsü Riçard Qeaveland isə bu fikirlərlə razı deyil, Trampı, onun xarici siyasətini ürəkdən dəstəkləyir.
“Məncə, Şimali Koreyayla bağlı yaxşı iş görür. İndiyədək istənilən başqasının gördüyündən yaxşı işləyib. Şimali Koreyayla bu qədər işləyən olmamışdı”, – o, Trampın ötən il Sinqapurda Şimali Koreya liderilə görüşünü yada salır.
Rəyi soruşulan amerikalıların 39 faizi Suriyadakı 2 min Amerika əsgərinin çıxarılmasını dəstəkləyir, 35 faizi bunu bəyənmir. Respublikaçıların 56, demokratların 26 faizi Trampın tərəfindədir.
(Azadlıq radiosu)