XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2019 - 19:27

Tereza Mey Avropa İttifaqına müraciət edəcək –Brexit üzrə təkrar danışıqlara görə

Böyük Britaniyanın Baş naziri Tereza Mey Brexit şərtləri üzrə danışıqları bərpa etmək xahişi ilə Avropa İttifaqı ölkələrinin liderlərinə müraciət etmək niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Tereza Meyin bu addımı yekun sənədin parlamentdə dəstək qazanması ilə bağlıdır.

Bu gün axşam saatlarında hökumətin təklif etdiyi Brexit üzrə saziş layihəsi yenidən səsverməyə çıxarılacaq.

Sənəd artıq parlament üzvlərinin tənqidinə məruz qalıb və onların əksəriyyəti icmalar palatasının onun lehinə səs verəcəyinə inanmır. Deputatlar Brexit prosesini təxirə sala biləcək və ya təkrar referendumun keçirilməsinə şərait yaradacaq bəzi düzəlişlər hazırlayıblar.

“Bizə parlamentin dəstəyini qazana biləcək razılaşma lazımdır, lakin bunun üçün Avropa İttifaqının tərkibindən çıxmaq barədə sazişin mətninə bir sıra dəyişikliklər edilməlidir. Baş nazir Şimali İrlandiya ilə bağlı sərhəd rejiminə bəzi hüquqi dəyişikliklərin vacibliyi barədə Nazirlər Kabinetini xəbərdar edib. O, deputatların öz fikirlərini bir daha bildirməsi üçün tez bir zamanda yenidən işlənmiş sazişlə parlamentə qayıtmaq niyyətindədir. Əgər bu sənəd parlament tərəfindən rədd edilsə, Baş nazir növbəti gün yeni sazişi müzakirəyə çıxaracaq”, – deyə Baş nazirin nümayəndəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tereza Mey gün ərzində Avropa İttifaqı ölkələrinin liderləri ilə telefon danışıqları aparacaq.

Bir qədər əvvəl isə Brüssel Brexit üzrə saziş mətninin yekun sənəd olduğunu və ona dəyişiklik edilməyəcəyini bildirmişdi.

Bundan öncə isə Baş nazirin dəftərxanası fevralın 13-də icmalar palatasının yeni saziş barədə fikir bildirəcəyi barədə məlumat vermişdi. Fevralın 13-dək Avropa İttifaqı ilə saziş mətnini razılaşdırmaq mümkün olmasa, Tereza Mey çox güman ki, növbəti gün Brexitin şərtləri üzrə yeni sənədi müzakirəyə çıxaracaq. Beləliklə fevralın 14-də ölkənin Avropa İttifaqının tərkibindən çıxması şərtləri üzrə növbəti, sayca üçüncü debatlar və səsvermə baş tuta bilər.

Əgər parlament mart ayının sonlarınadək Brexitin şərtləri ilə bağlı məsələləri həll edə bilməsə, Britaniya Avropa İttifaqını sazişsiz tərk edəcək.