XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 20:14

UNICEF-n rəhbəri dünya ölkələrinə müraciət edib- Rohingya uşaqlarının faciəsi ilə bağlı

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Myanmada Rohingya uşaqlarının faciəsi ilə bağlı dünya ölkələrinə müraciət edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Myanmanın paytaxtı Naypyidada keçirilən forumda çıxış edən UNICEF-in icraçı direktoru Henrietta Fore bildirib ki, dünya ictimaiyyəti Banqladeşdə sığınacaq tapmış bu uşaqların əzablarına biganə qalmamalıdır.

Təşkilatın rəhbəri ölkədə yenidən sülh və qarşılıqlı anlaşma şəraiti yaradılmasına dair Myanma hökumətinə müraciət edib. Fore ölkənin buddist çoxluğunu dini mənsubiyyətindən asılı olmayaraq ana və uşaq hüquqlarına hörmətlə yanaşmağa çağırıb. Onun sözlərinə görə, ilk növbədə diskriminasiyaya məruz qalmış və marginallaşmış uşaqlara yardım əli uzatmaq lazımdır. O, mərhum Kofi Annanın təşəbbüsü ilə yaradılmış komissiyanın işinin davam etdirilməsinin zəruriliyini də vurğulayıb. Fore əlavə edib ki, Rohingya müsəlman uşaqlarının Banqladeşdən evlərinə qayıtması üçün Myanma hökumətinin siyasi iradəsi də əhəmiyyətlidir.

“Amnesty International” təşkilatının məlumatına görə, əksəriyyəti qadın və uşaqlardan ibarət olan 750 min Rohingya müsəlmanı Banqladeşdə sığınacaq tapıb.2017-ci ilin avqustundan isə Myanmada 24 min müsəlman Myanma hərbçiləri tərəfindən qətlə yetirilib. Bundan başqa, 18 min qadın myanmalı əsgərlər tərəfindən zorlanıb, 115 min ev yandırılıb. BMT-nin təhqiqat komissiyasının hesabatında bu vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilib.