Belarus maliyyə yardımı qarşılığında Rusiyaya daha çox inteqrasiya etməlidir. Kremlin bu tələblə çıxış etməsi Rusiyanın öz qonşusunu ilhaq edə biləcəyi sarıdan narahatlıq yaradıb.
“Karnegi” fondunun saytında Artyom Şraibman yazıb ki, təhlilçilərin fikrincə, belə bir addım Prezident Vladimir Putinin 2024-cü ilədək hakimiyyətdə qalmasına imkan verər. Amma bu ssenari də Rusiya üçün gözlənilməz risklərlə doludur və müasir Belarus haqda korrekt olmayan miflərə söykənir. Müəllif yazır.
“Minsklə Moskva yaşlı evli cütlük kimidir; onlar çoxdankı giley-güzarlarını ictimai şəkildə dilə gətirməyi sevirlər. Bu dəfə Rusiyanın neft vergisi manevrinə görə Belarusa kompensasiya ayrılmasıyla bağlı mübahisə Moskvanın köhnə narazılığa yenidən baxmağa sövq edib: 1999-cu ildə imzalanmış Birlik Sazişi heç vaxt yerinə yetirilməyib.
Rusiya Belarusun ünvanına ultimatuma bənzər bəyanat səsləndirib: maliyyə yardımı əvəzində Rusiya dövlətilə daha böyük inteqrasiya. Konstitusiya Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə daha bir müddətə bu posta seçilməsinə imkan vermədiyindən çoxları bu ultimatuma təhdid kimi baxdı. Bir sıra nəşrlər, rəsmi bəyanatlar, hətta anonim sosial media postlarına Belarusun ilhaqının qaçılmaz olduğu iddia edildi. Nəzəri baxımdan, belə bir addım Putinə Rusiya-Belarus Vahid Dövlətinin prezidenti olmasına yol açar”, – müəllif yazır.
Ancaq məqalədə mümkün anneksiya ssenarisi təhlil olunaraq bəzi miflər puça çıxarılır. Məsələn, rusiyalıların çoxu yanlış olaraq inanır ki, Belarusun şıltaq prezidenti Aleksandr Lukaşenko ölkənin xoşbəxtcəsinə Rusiya Federasiyasına birləşməsi yolunda yeganə əngəldir. Əslində isə, ölkənin müstəqilliyini dəstəkləyən belarusluların sayı davamlı şəkildə artır. 28 il müstəqil dövlət şəklində yaşamaq millətin kollektivçilik mənsubiyyətinə təsirini göstərib.
Hətta belarusluların çoxu Rusiya ilə birliyi dəstəkləyirsə belə, onlar bunu iki ölkənin birləşməsi kimi görmürlər. Rəy sorğularına görə, əhalinin 55-75 faizi ölkənin Rusiyayla hazırkı inteqrasiya səviyyəsini dəstəkləyir. Cəmi 15-20 faiz daha dərin inteqrasiya tərəfdarıdır, 5 faizdən azı isə Belarusu Rusiyanın tərkibində görmək istəyir.
(Azadlıq radiosu)