XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 13:54

Maduro müxalifətlə dialoqa hazır olduğunu açıqladı –Hökumət isə Quaydonun həbsinə gizli hazırlıq görür

Venesuelanın hakimiyyətini saxlamağa çalışdığı prezidenti Nikolas Maduro bu gün – yanvarın 30-da deyib ki, ölkə müxalifəti ilə danışıqlara və üçüncü ölkələrin vasitəçiliyinə hazırdır. “Reuters” bunu Rusiyanın RIA xəbər agentliyinə istinadla yazıb.

Bu arada hökumət müxalifət lideri Xuan Quaydonun həbsinə yol aça biləcək istintaqa hazırlıq görür. Quaydo isə yenidən küçə etirazlarına çağırıb.

“Müxalifətlə danışıqlar masasına əyləşməyə, Venesuela xalqının mənfəəti, sülh və gələcəyi naminə danışıqlar aparmağa hazıram”, – Maduro deyib.

Üçüncü ölkələrin vasitəçiliyinin mümkünlüyünə dair suala cavabında Maduro deyib ki, dünyanın bir sıra hökumətləri və qurumları Venesuelada baş verənlərdən səmimi narahatlıq dilə gətirir, dialoqa çağırırlar.

Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinin onun ölkəsinə bütün cəbhələrdə dəstək verdiyini, Karakasın buna görə minnətdar olduğunu vurğulayıb: “Putin bizə bütün səviyyələrdə dəstək verir və biz bunu böyük məmnuniyyət və minnətdarlıqla qəbul etmişik”.

Quaydo çərşənbə günü xalqı yürüşə, həftəsonu isə kütləvi etirazlara çağırıb. O, çərşənbə günü yürüşünün böyük olmayacağını sözlərinə əlavə edib.

BMT-nin insan haqları idarəsi indiyədək etirazlarda 40-dan çox adamın həlak olduğunu bildirib.

Maduro isə 50 min nəfərlik xalq müdafiə birliklərinin, ictimai qrupların yaradılmasına göstəriş verib, onların “ana yurdun müdafiəsinə” cavabdeh olacağını deyib. Bu qrupların silahlı olub-olmayacağı bəlli deyil, amma “Reuters” yazır ki, bu strategiya hökumətin Birləşmiş Ştatların hərbi baxımdan Maduronu məğlub etməyə çalışacağı sarıdan əndişələndiyini göstərir.

Pentaqon isə hərbi əməliyyatı istisna etməkdən imtina etməyib, amma bir çox ekspertlər bunu mümkün də saymırlar.

Bu həftə Ağ evin milli təhlükəsizlik müşaviri Con Bolton bu spekulyasiyanı daha da qızışdırıb. Jurnalistlər onun əlindəki qeyd kitabçasının üstündə “Kolumbiyaya 5 min əsgər” sözlərini oxuyublar. Kolumbiya Venesuelanın qonşusudur.

(Azadlıq radiosu)