XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 18:54

Rusiya XİN rəsmisi Ermənistana üstüörtülü xəbərdarlıq edib:"Moskva Yerevandan etibarlı və ardıcıl siyasi xətt gözləyir"

Yerevanda işgüzar səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ikitərəfli əlaqələrin perspektivləri barədə Ermənistana üstüörtülü xəbərdarlıq edib. Rusiyalı diplomat bildirib ki, Moskva Yerevandan etibarlı və ardıcıl siyasi xətt, həmçinin niyyətinin açıq olmasını gözləyir. Onun sözlərinə görə, tərəflərin bir-birini anlaması üçün bu amillər mühüm rol oynayır.

Q.Karasinin “ümidvaram ki, Ermənistan ABŞ tərəfindən şantaj və təzyiqə mətanətlə sinə gərəcək və qərarları müstəqil şəkildə qəbul edəcək” bəyanatına cavab verən Ermənistanın baş naziri Paşinyan bildirib ki, onun ölkəsi müstəqil siyasət aparır.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Yerevanda mətbuat konfransı keçirən Q.Karasin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının yalnız sülh yolu ilə mümkün olduğunu, danışıqlar prosesinin konstruktiv istiqamətdə davamının zəruriliyini söyləyib.

İqtisadi əlaqələrə gəldikdə, Karasin bildirib ki, Ermənistandan Rusiyaya yüklərin daşınması üzrə “Yuxarı Lars” nəqliyyat dəhlizinin fəaliyyəti yalnız Gürcüstanla Rusiya arasında 2011-ci ildə imzalanmış sazişin qüvvəyə minməsindən sonra mümkün ola bilər. Rusiyalı diplomat əlavə edib ki, bu məsələdə gömrük problemləri ilə bağlı çətinliklər mövcuddur və yenidən danışıqlar aparılacaq.

Erməni jurnalistləri maraqlandıran əsas məsələ – “Qazprom” şirkətinin Ermənistana ixrac etdiyi təbii qazın qiymətini qaldıracağı barədə suala cavab verən Karasin deyib: ”Mən peyğəmbərə bənzəyirəm? Bu məsələ ilə iki ölkənin səlahiyyətli təşkilatlarının nümayəndələri məşğul olurlar”.