XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2019 - 11:51

Avropa İranla ticarətə imkan verən yeni sistemi işə salır –Məqsəd şirkətləri ABŞ sanksiyalarından qorumaqdır

Almaniya, Fransa və Britaniya İrana maliyyə axınına imkan verəcək mexanizimi işə salacaq. Bu mexanizimin ABŞ sanksiyalarını pozmayacağı, 2015-ci il nüvə sazişini qüvvədə saxlayacağı bildirilir.

Xüsusi təyinatlı şirkət (SPV) adlanan mexanizmin yanvarın 31-dən qüvvəyə minəcəyi bildirilir. O, qanuni biznes maraqları olan Avropa şirkətlərinin İranla biznesi davam etdirməkdən ötrü barter texnikasından istifadəsinə imkan verəcək.

Plan uzun müddət idi hazırlanma mərhələsində idi. Amma Almaniyanın dpa xəbər agentliyi yanvarın 30-da yazıb ki, artıq mexanizm rəsmən işə salınmağa hazırdır, ABŞ sanksiyalarının hədəfləmədiyi sahələrə fokuslanacaq.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, üç ölkə ödəniş kanallarını idarə edəcək SVP-nin qeydiyyat prosesinə başlayıblar. Bu kanallar Avropa və İran şirkətləri arasında mal barterinə imkan verəcək, birbaşa maliyyə tranzaksiyalarına ehtiyac qalmayacaq.

Sazişə Birləşmiş Ştatlar, Rusiya və Çinlə birgə imza atmış Almaniya, Fransa və Britaniya sənədi qüvvədə saxlamağa çalışırlar. ABŞ Prezidenti Donald Trump mayda elan edib ki, nüvə sazişindən çıxır və Tehrana sanksiyalar bərpa olunur.

Rəsmilərin bildirməsinə görə, AB SPV-ni dəstəkləsə də, onda birbaşa iştirak etmir. Mexanizmin məqsədi Avropa şirkətlərini ABŞ məhkəmələrindən qorumaq, onların sanksiyalardan dolayı maliyyə ziyanını kompensasiya etməsinə şərait yaratmaqdır.

Üç ölkə İranla danışıqlardan sonra, noyabrdan SVP üzərində işləyir, buna qatılan şirkətləri ABŞ sanksiyalarının riskindən maksimum sığortalamağa çalışır. Almaniyanın Xarici işlər naziri Heiko Maas yanvarın 28-də deqib ki, planı həyata keçirməyə yaxındırlar: “İranın nüvə sazişindən çıxmasını, yenidən uran zənginləşdirməyə başlamasını istəmirik”.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Tehranın hələ də nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirir.

Amma İran ballistik raketlərin sınağını davam etdirir. Vaşinqton və Avropa bu rakelərin sonucda nüvə silahları ilə təchiz oluna biləcəyini deyirlər. Tehran isə proqramın sırf müdafiə məqsədli olduğunu bəyan edir.

Avropa İranın ballistik nüvə proqramına dair sərt mövqeyini saxlamaqdadır. Fransa yanvarın 25-də bildirib ki, raket proqramı üzrə danışıqlarda irəliləyiş olmasa, Tehrana yeni sanksiyalar tətbiq etməyə hazırdır.

(Azadlıq radiosu)